“Volodimir Zelenskinin Azərbaycana səfəri regionda siyasi və iqtisadi baxımdan mühüm hadisədir”.– bu fikirləri politoloq Arzuman Muradlı saytımıza aşçıqlamasında bildirib.
Politoloq qeyd edib ki, Ukrayna prezidentinin Azərbaycana səfəri bir çox aspektdən alqışlanmalıdır və bu, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
“Azərbaycan son illər həm regional, həm də beynəlxalq səviyyədə, xüsusilə enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayan ölkəyə çevrilib.”- deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlının fikrincə, Azərbaycanın həyata keçirdiyi enerji layihələri Şərqi Avropa ölkələri üçün alternativ və etibarlı enerji mənbələrinin formalaşmasına ciddi töhfə verir.
“Ukrayna da bu kontekstdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.Rəsmi Bakı yalnız enerji sahəsində deyil, həm də nəqliyyat-logistika istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bu isə region ölkələri, o cümlədən Ukrayna üçün yeni iqtisadi imkanlar yaradır.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun güclənməsi, iqtisadi əlaqələrin dərinləşməsi və regional əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.





















