Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq olunan interçeync (xidmət haqqı tarifləri) ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə həyata keçirilən əməliyyatlarda müəyyən fəaliyyət sahələrini əhatə edən MCC kodları üzrə interçeync tariflərinin yuxarı həddi müəyyənləşdirilib.Belə ki, aptek və dərman satış məntəqələri (“Drug Stores and Pharmacies”), eləcə də ərzaq mağazaları və supermarketlər (“Grocery Stores and Supermarket”) kateqoriyalarına aid MCC kodları üzrə aparılan ödənişlərdə interçeyncin maksimal həddi əməliyyat məbləğinin 1,25 faizi səviyyəsində müəyyən edilib.
Yanacaqdoldurma məntəqələrini əhatə edən “Petrol” kateqoriyası üzrə bu göstərici 0,75 faiz təşkil edir.
“General” kateqoriyasına aid MCC kodları üzrə həyata keçirilən ödənişlərdə isə interçeyncin yuxarı həddi əməliyyat məbləğinin 1,5 faizi olaraq müəyyənləşdirilib.
Qərarda nəzərdə tutulmayan digər MCC kodları üzrə ölkədaxili kart əməliyyatlarında tətbiq ediləcək interçeync tarifləri üçün hər hansı yuxarı hədd müəyyən olunmayıb.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun “AzPolitika”ya şərhində bildirib ki, interçeync limitləri banklar arasında tətbiq olunan limitlərdir və bu, Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Ekspert bildirib ki, vətəndaş hər hansı bank kartı ilə ödəniş etdikdə, əməliyyat ödəniş sistemi vasitəsilə bir bankdan digər banka ötürülür. Bu proses zamanı banklar arasında müəyyən komissiya haqqı tutulur. Məhz interçeync limitləri həmin komissiya haqqına tətbiq olunan məhdudiyyətdir.
Əkrəm Həsənovun fikrincə, əgər bu komissiya haqqı azaldılıbsa, böyük ehtimalla banklar da bunun təsirini müştərilər üçün tətbiq etdikləri komissiyalarda əks etdirəcəklər.
“Əgər bir bank komissiyaları azaltmasa, digər banklar bunu etsə, sağlam rəqabət şəraitində müştərilər daha sərfəli şərtlər təklif edən banklara üz tutacaqlar”, – deyə ekspert qeyd edib.
O vurğulayıb ki, bu dəyişikliklərin vətəndaşlar üçün müsbət nəticələr verməsi ehtimalı yüksəkdir və bu həmçinin bankların müştərilərdən aldıqları bəzi komissiya haqlarının azalmasına səbəb ola bilər.
Bununla yanaşı, ekspert qeyd edib ki, heç kəs banklara komissiya haqlarını mütləq şəkildə azaltmağı tələb edə bilməz. Çünki ölkədə bazar iqtisadiyyatı mövcuddur və banklar tarif siyasətini müstəqil şəkildə müəyyənləşdirirlər.
Bir daha qeyd edək ki, interçeync nağdsız ödənişlər zamanı kartı emissiya edən bankla ödənişi qəbul edən bank arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən ticarət və xidmət obyektlərinin banka ödədiyi ekvayrinq haqqı çərçivəsində bölüşdürülür və bir sıra hallarda keşbek və digər loyallıq proqramlarının maliyyələşdirilməsində istifadə olunur.



















