ABŞ-ın maliyyə naziri Skott Bessent İranın yeni neft naziri Həmid Bovərdin təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Korrekt.az xarici mediaya istinadən xəbər verir ki, Bessent “X” platformasındakı paylaşımında İranın neft ixracındakı vəziyyətə diqqət çəkərək yeni nazirin nəyi idarə edəcəyini sual edib.
“İranın yeni neft naziri var. İranın avqustun 25-dən etibarən bir barel belə xam nefti gəmiyə yükləmədiyini nəzərə alsaq, bu nazir konkret olaraq nəyi idarə edəcək?” – Bessent yazıb.
Bessentin açıqlaması İranın neft ixracına qarşı ABŞ təzyiqlərinin artdığı bir vaxtda səslənib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian neft naziri Möhsün Paknejadın istefasını qəbul etdikdən sonra İran Milli Neft Şirkətinin baş direktoru Həmid Bovərdi neft naziri vəzifəsinə müvəqqəti təyin edib. Paknejadın istefası barədə məlumat oktyabrın 4-də yayılıb.
İranın neft ixracı ilə bağlı məlumatlar isə tərəflər arasında fərqlənir. ABŞ rəsmiləri yeni neft yükləmələrinin dayandığını bildirərkən, İran daha əvvəl neft satışlarının davam etdiyini və çatdırılmaların beynəlxalq sularda həyata keçirildiyini açıqlamışdı.





















