1993-cü ilin yayı Azərbaycan üçün böyük məğlubiyyətlərlə yadda qaldı. Daxili qeyri-sabitlik nəticəsində erməni hücumlarına müqavimət göstərilmədi, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal edildi.
İlin sonlarında yeni hakimiyyət siyasi mövqelərini gücləndirmək məqsədilə hücum əməliyyatı keçirməyi qərara aldı. Əməliyyat planına əsasən hərbçilərimiz Murovdağdan hücuma keçərək Kəlbəcər rayonunu azad etməli idilər.
Bu plan bir çoxlarının kəskin etirazına səbəb oldu. Opponentlər deyirdilər ki, qış aylarında Murovdağdan hücuma keçmək intihar deməkdir. Amma onlara qulaq asılmadı.
Əməliyyat dekabrın sonlarında başladı və oksigenin belə yetərli olmadığı 2500-3500 metr yüksəklikdə keçirilir. İlk günlərdə ciddi uğurlar qazanılmadığından fasilə verildi, döyüşdə iştirak edən bəzi hərbi hissələrin komandirləri dəyişdirildi.
1994-cü il yanvarın ortalarında Azərbaycan ordusu Murovu aşaraq Kəlbəcər istiqamətində irəliləməyə başlayır. Bu zaman bir sıra ciddi uğurlar qazanılır. Ermənilərə xeyli tələfat yaşadılır, hərbi texnika qənimət olaraq götürülür.
Fevralın əvvəllərində əsgərlərimiz Kəlbəcər rayonunun 1/3 hissəsini azad edərək Kəlbəcər şəhərinə yaxınlaşırlar. Amma bu zaman arxa ilə kommunikasiya xətləri uzanır, təchizat çətinləşir. Ermənilər isə daha təcrübəli döyüşçülərdən ibarət əlavə qüvvələr toplayaraq Kəlbəcər istiqamətinə göndərirlər və əks-hücum planı hazırlayırlar.
Fevralın 11-də ermənilər əks-hücuma keçdilər və ətrafdakı yüksəklikləri nəzarətə götürdülər. Bununla da Kəlbəcərdəki qüvvələrimizin arxadakı qüvvələrlə kommunikasiyası kəsilir. Fevralın 14-də geri çəkilmək əmri verilir.
Əsas yol ermənilərin nəzarətində olduğundan hərbçilərimiz dar Susuzluq–Təkəqaya–Ağdağ yolu ilə geri çəkilmək məcburiyyətində qalır. Bu zaman ağır texnika atılır. Döyüş itkilərindən əlavə, xeyli əsgər donaraq və ya uçuruma yuvarlanaraq həlak olur, itkin düşür. Bəzi taborlar mühasirəyə alınır və ermənilərin Qrad atəşinə məruz qalırlar. Təkcə bu mühasirədə 1500-ə yaxın Azərbaycan hərbçisinin şəhid olduğu güman edilir. Əməliyyatda iştirak edən qüvvələrimizin azsaylı qalıqları cəhənnəmdən keçərək fevralın 20-də hücumdan əvvəlki mövqelərinə çəkilirlər.
Kəlbəcər əməliyyatı zamanı uğradığımız itkilər barədə indiyə qədər səhih məlumat yoxdur. Müxtəlif mənbələrdə 1500-dən 4000-ə qədər rəqəmlər səsləndirilir. Ermənilərin də itkiləri az olmadı – 2000 nəfər.
Kəlbəcər hücumunun nəticələrinə görə bəzi zabitlər haqqında cinayət işi açıldı və onlar müxtəlif həbs cəzalarına məhkum olundular. Amma avantüranın əsl günahkarları daha yuxarı vəzifə tutanlar idi və təəssüf ki, bugün də dəqiq müəyyənləşdirilməyiblər. Başqa hakimiyyət zamanı Şuşa, Laçın və Kəlbəcərin itirilməsindən gen-bol danışan mətbuat, telekanallar bu faciə haqqında susmağa üstünlük verir.
Əməliyyat zamanı verilən ağır itkilər Azərbaycan ordusunu həm canlı qüvvə, həm texnika baxımından sarsıtdı. Bu da 1994-cü ilin mayında təslimçi Bişkek protokolunu imzalamağımıza səbəb oldu.
Yadigar Sadıqlı





















