image-5c8727873123780b603ba62e3b7f9e39backend

Naziri öldürən erməniyə niyə bəraət verilmişdi?- Gecə ilə Amerikaya qaçırıldı

image-ads-728x90

Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu Behbud xan Cavanşir 1921-vi ilin 18 iyulunda erməni terrorçusu Misak Torlakyan tərəfindən Türkiyədə qətlə yetirlib.

Bununla bağlı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım “Bir ömür belə keçdi” kitabında yazır: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi…. Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı, Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib “Pere Palas” mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik.

Anam dərhal Pera palasa getdi, Behbud xanın xanımı ilə qardaşlarını evə gətirdi və yardım üçün vəkil Heydər Rüfət bəylə görüşdü. Heydər Rüfət bəy xahişi məmnuniyyətlə qəbul etdi. İş İstanbuldakı ingilis polisinin rəis müavini mister Riskatson-Hettin nəzarəti altında idi. Bir az ingiliscə bildiyimə görə Heydər Rüfət bəy tərcümələrin dəqiqliyinə nəzarət etməyi mənə tapşırdı və məhkəmədə iştirakımla bağlı lazımi icazəni aldı. Qatilin istintaqını mister Riskatson-Hett aparırdı. Heydər bəylə birlikdə o zaman ingilis komandanlığı qərargahının yerləşdiyi Kroker hotelinə getdik. Qatil zirzəmidəki müvəqqəti saxlama kamerasından yuxarı çıxarılan zaman heyrətləndim: balacaboy, tir-tir titrəyən bu qorxaq adam dağ kimi Behbud xanı necə vurmuşdu?

Hüquq fakültəsinin birinci kurs tələbəsi olaraq çox məsuliyyətli bir işə qoşulmuşdum. Məhkəmədə iddiaçı qismində bu gənc ingilis – mister Riskatson-Hett çıxış edirdi. Qatil Torlakyanın vəkili olan erməninin adını və məhkəmədəki fəaliyyətini dəqiq xatırlamıram. Ancaq o zamanlar Türkiyədə türklər əleyhinə nələr söyləndiyini bu gün təsəvvür etmək belə imkansızdır! İnsan o vaxtın Türkiyəsi ilə indikini müqayisə edəndə tüklərinin ürpərdiyini hiss edir. Məhkəməni hər gün izləyirdim. Heydər Rüfət bəy şahidlərə verilən sualların əslinə uyğunluğunu daim nəzarətdə saxlayır və böyük bir cəsarətlə az qala onların üzərinə hücum edirdi. İfadə verən şahidlərin hamısı Türkiyə və Azərbaycanda ermənilərə edilən zülmlərdən danışırdılar. Məhkəmə sədri və üzvlərinin bu şahidlərin təsiri altına düşdükləri açıq-aşkar görünürdü. Yalnız prokuror mister Riskatson-Hett ayağa qalxıb bütün bunlara ermənilərin özlərinin səbəb olduqlarını dedi və belə bir üsyanın İngiltərədə necə cəzalandırılacağını soruşmaq cəsarətini göstərdi. Heç yadımdan çıxmır, bir rus şahid Azərbaycan türklərinin erməniləri qırdığını, Behbud xanın isə Daxili İşlər naziri kimi xüsusi məsuliyyət daşıdığını deyəndə prokuror 1906-cı ildə Rusiyadakı yəhudi qırğınlarının səbəbini soruşdu və erməni qırğınlarının da eyni mahiyyət daşıdığına diqqəti cəlb etdi.

Nəhayət, məhkəmə bitdi. Kiçik, zəif adam tir-tir titrəyirdi. Prokuror ona ölüm cəzası istədi. Bu tələb hətta bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarət gözləmirdik. Prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimə bəraət tələbi ilə çıxış etdi. Təbii ki, qatilə bəraət verildi və elə həmin gecə yerli ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırıldı.

Bu məhkəmə işi ilə bağlı yaxından tanış olduğum Riskatson-Hett ilə aradan illər keçəndən sonra Londonda qarşılaşdığımızda köhnə xatirələrimiz baş qaldırdı. Mənə bu məhkəmənin sədrliyini edən şəxsə Çində rast gəldiyini, aralarında həmin prosesdən danışdıqlarını və bu adamın ona:

– Türklərin belə bir addım atmaqda nə qədər haqlı olduqlarını yalnız indi anladım. Biz o zaman sizə əsəbiləşmişdik, amma siz məsələni daha dərindən dərk edib və bizdən daha dəqiq görmüsünüz, – dediyini söylədi. Bu gün hər şey unuduldu. Lakin mən arxaya baxdığımda bu məhkəmənin və ondan əvvəlki mərhələlərin həyatımda dərin iz buraxdığını görürəm. Harada bir siyasi cinayət haqqında eşitsəm, harada bir haqsızlıq duysam, həmin məhkəməni və sonda çıxarılan qərarı xatırlayıram. Allahdan bütün insanların Çindəki ingilis komandanı kimi, gec də olsa, həqiqəti anlamalarını arzu edirəm”.

Şahanə Rəhimli



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki