image-1backend

Bir filmə görə həbs edilən məşhur rejissor: Onu kim xilas etdi?

image-ads-728x90

“Bir qalanın sirri” filmi Əlisəttar Atakişiyevin ilk rejissor işi idi. Və elə bu filmin ucbatından başı bəla çəkir, məhkəmədə cavab verməli olur.

“Bir qalanın sirri” istehsal planı üzrə nəzərdə tutulduğundan gec başa çatır. Bu C.Cabbarlı adına “Azərbaycanfilm”in kollektivinin mükafatdan məhrum olması demək idi. Əlisəttar Atakişiyev və filmin direktoru Əli Məmmədov çıxış yolunu bircə şeydə görürlər: Leninqrada gedib “Lenfilm” kinostudiyasında kinoplyonkaların emalı işini sürətləndirmək. Laboratoriya rəisi bəhanə edir ki, işlər çoxdur, qabağa düşmək üçün gərək əliniz cibinizdə olsun. Atakişiyev Əli Məmmədovdan 80 manat pul göndərir ki, rəisə çatdırsın. İki gün işlər qaydasına düşsə də, laboratoriya rəisi yenə işdən boyun qaçırır. Əlacsız qalan rejissor bu dəfə 100 manatından keçməli olur. Yenə pul Əli Məmmədov vasitəsilə göndərilir. Və işlər qaydasına düşür, film vaxtında təhvil verilir, böyük uğur qazanır, kollektiv də mükafatsız qalmır.

Bir müddət keçəndən sonra heç kimin gözləmədiyi hadisə baş verir: rüşvət məsələsinin üstü açılır. Məlum olur ki, laboratoriya rəisi ittifaq üzrə kino işçilərindən plyonka emalı üçün vaxtaşırı rüşvət alırmış. Onu həbs edirlər, istintaq zamanı Bakıdan gələn kino işçilərindən rüşvət aldığını gizlətmir. Əli Məmmədov dərhal həbs edilir. Əlisəttar Atakişiyev məhkəməyə şahid qismində çağırılır. İclas vaxtı Atakişiyev həmkarının müdafiəsinə qalxır. Hakimlə qısa mübahisə bəs edir ki, onun özünü şahid skamyasından müqəssir kürsüsündə əyləşdirsinlər. Məhkəmə hökm oxuyur: Əlisəttar Atakişiyev cəzasını gücləndirilmiş rejimli islah-əmək kaloniyasında keçirməklə iki il, Əli Məmmədov isə iki il altı ay müddətində azadlıqdan məhrum edilirlər.

Qara Qarayev başda olmaqla bir qrup Azərbaycan və Moskva incəsənət xadimləri SSR Ali Məhkəməsinə müraciət edirlər. İşə yenidən baxılır və qeyd olunur ki, cəza sərtdir, hökm oxunarkən məhkumların şəxsiyyəti nəzərə alınmayıb. Petroqrad rayon məhkəməsinin hökmü dəyişdirilərək hər iki məhkum azadlığa buraxılır. Əlisəttar Atakişiyev bir il on gün, Əli Məmmədov isə bir il 22 gün həbsxanada yatırlar.

Səbuhi Əsədli



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki