Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek Asanaliyeviç, Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşia, Venesuelanın elm və texnologiya nazirinin müavini Bernabe Melendes, Barbadosun dövlət xidməti və insan resurslarının inkişafı naziri Key MakKoni “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Qonaqlar Bakıda keçiriləcək “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.
Onlar Bakıda keçiriləcək bu sammitinin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət xidmətləri sahəsində vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyini bildirib. Diqqətə çatdırılıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Özbəkistanlı qonaqlar “ASAN xidmət” modeli əsasında ölkələrində xidmət mərkəzlərinin uğurla fəaliyyət göstərdiyindən məmnunluqlarını ifadə ediblər.
Qırğız tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılması ilə bağlı uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.
Gürcüstan tərəfi ilə keçirilən müzakirələr zamanı süni intellekt həlləri ilə bağlı təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Venesuelanı və Barbadosu təmsil edən rəsmilər “ASAN xidmət” kimi qabaqcıl təcrübənin ölkələrində tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd ediblər.
Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.





















