“Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu ölkəmiz üçün olduqca mühüm əhəmiyyət kəsb edir. “– bu barədə politoloq Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, IV Şuşa Qlobal Media Forumunun məhz Şuşa şəhərində təşkili yalnız beynəlxalq media nümayəndələrini bir araya gətirən platforma deyil, eyni zamanda Azərbaycanın artan siyasi nüfuzunun, informasiya diplomatiyasının və regionda formalaşdırdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunmasının mühüm göstəricisidir.
Politoloq qeyd edib ki, forumun Şuşada keçirilməsi xüsusi siyasi və simvolik məna daşıyır. Uzun illər işğal altında qalmış, bu gün isə sürətlə bərpa və yenidənqurma mərhələsini yaşayan Şuşa artıq təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mühüm humanitar, mədəni və diplomatik mərkəzlərindən birinə çevrilməkdədir. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media nümayəndələrinin məhz bu şəhərdə bir araya gəlməsi Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbulunun, Qarabağda yaranmış yeni reallıqların və həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin yerində müşahidə olunmasına imkan yaradır.
“Forum Azərbaycanın media siyasəti baxımından da mühüm əhəmiyyət daşıyır. Bu platforma yerli media qurumlarının beynəlxalq media təşkilatları ilə əməkdaşlığının genişlənməsinə, jurnalistlər arasında peşəkar əlaqələrin möhkəmlənməsinə, müasir texnologiyaların və qabaqcıl media təcrübələrinin öyrənilməsinə əlverişli şərait yaradır. IV Şuşa Qlobal Media Forumu Azərbaycan mediasının qlobal informasiya məkanında mövqeyinin daha da güclənməsinə, ölkəmiz haqqında obyektiv və dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, eləcə də beynəlxalq informasiya əməkdaşlığının inkişafına mühüm töhfə verir.”– deyə Arzuman Muradlı bildirib.





















