Son dövrlərdə Yaxın Şərq regionunda baş verən hərbi gərginliklər fonunda mülki obyektlərin hədəfə alınması məsələsi ciddi narahatlıq doğurur.
Politoloq Arzuman Muradlı bildirib ki, xüsusilə İranda mülki infrastruktura və yaşayış məntəqələrinə endirilən zərbələr qəbuledilməzdir və bu kimi addımlar beynəlxalq humanitar hüququn, o cümlədən beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir.
“ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyatlar zamanı əsas hədəfin strateji və hərbi obyektlər olduğu bildirilsə də, reallıqda bu zərbələrin təsiri mülki əhali üzərində də ağır nəticələrə səbəb olur. Etiraf etməliyik ki, hərbi nöqtələr vurularkən ətrafda yerləşən yaşayış məntəqələri də ciddi ziyan görür. Nəticədə çoxsaylı günahsız insanlar həyatını itirir və ya yaralanır. Bu isə heç bir halda qəbul edilə bilməz,” – deyə politoloq vurğulayıb.
Arzuman Muradlı qeyd edib ki, istənilən ölkədə rejim dəyişikliyi və ya siyasi təzyiq məqsədilə həyata keçirilən hərbi əməliyyatlar mülki əhalinin təhlükəsizliyini risk altına atmamalıdır. Onun fikrincə, müasir beynəlxalq münasibətlər sistemində bu cür yanaşmalar artıq köhnəlmiş və təhlükəli hesab olunur.
Politoloq eyni zamanda diqqətə çatdırıb ki, təkcə ABŞ və İsrail deyil, İranın özünün də regiondakı bəzi müsəlman ölkələrinə qarşı həyata keçirdiyi hərbi addımlar nəticəsində dinc sakinlər arasında itkilər baş verir. Bu isə göstərir ki, problem təkcə bir tərəfin fəaliyyəti ilə məhdudlaşmır və ümumilikdə regionda hərbi əməliyyatların aparılma üsulları ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir.
“İstər böyük güclər, istərsə də regional aktorlar tərəfindən həyata keçirilən hərbi əməliyyatlarda mülki insanların həyatının itirilməsi heç bir halda haqlı göstərilə bilməz. Bu, beynəlxalq hüquqa, humanizm prinsiplərinə və ümumbəşəri dəyərlərə ziddir,” – deyə Arzuman Muradlı bildirib.
Sonda politoloq beynəlxalq ictimaiyyəti daha prinsipial mövqe tutmağa çağıraraq vurğulayıb ki, mülki əhalinin qorunması məsələsi siyasi və geosiyasi maraqlardan üstün tutulmalı, bu istiqamətdə real və təsirli mexanizmlər tətbiq olunmalıdır.





















