Dünya futbolu tarixən böyük ölkələrin, nəhəng iqtisadiyyatların və milyonlarla insanın yaşadığı dövlətlərin hegemonluğu altında inkişaf edib. Braziliya, Almaniya, Argentina, Fransa, İspaniya və İtaliya kimi ölkələr uzun illərdir futbolun əsas söz sahibləri hesab olunur. Hazırda dünyanın bir nömrəli bu idman sahəsi ilə bağlı “Böyük beşlik” ifadəsi boşuna işlənilmir… Lakin bəzən futbol elə hekayələr yazır ki, bütün köhnə təsəvvürləri alt-üst edir. 2026-cı il dünya çempionatı məhz belə bir hekayənin şahidinə çevrilib. Atlantik okeanının ortasında yerləşən, əhalisi cəmi yarım milyon nəfər olan Kabo-Verde bu gün dünya futbolunun ən çox danışılan ölkələrindən biridir.

Kabo-Verde Afrika qitəsinin qərb sahillərindən təxminən 600 kilometr uzaqlıqda yerləşən vulkanik adalar dövlətidir. On ada və bir neçə kiçik adacıqlardan ibarət olan ölkənin ümumi ərazisi təxminən 4 min kvadrat kilometrdir. Bu göstərici ilə Kabo-Verde bir çox şəhərlərdən belə kiçikdir. Ölkənin əhalisi isə təxminən 500-550 min nəfər arasında dəyişir. Müqayisə üçün desək, Kabo-Verdenin əhalisi Azərbaycanın bir rayonunun və ya Bakının iri qəsəbələrinin əhalisindən belə azdır. Buna baxmayaraq, bu kiçik ada dövləti dünya çempionatında İspaniya və Uruqvay kimi futbol nəhənglərinin qarşısında baş əymədi, əksinə, bütün dünyanın rəğbətini qazandı.
Kabo-Verdenin tarixi də maraqlıdır. XV əsrdə portuqaliyalılar tərəfindən kəşf edilən adalar uzun müddət Portuqaliyanın müstəmləkəsi olub. Əsrlər boyu Atlantik okeanında mühüm ticarət və dənizçilik məntəqəsi kimi tanınan ölkə yalnız 1975-ci ildə müstəqilliyini əldə edib. Müstəqillikdən sonra ağır iqtisadi problemlər, quraqlıq və məhdud təbii resurslar ölkənin inkişafını çətinləşdirsə də, Kabo-Verde Afrika qitəsinin ən sabit və demokratik dövlətlərindən birinə çevrilməyi bacarıb. Bu gün ölkə əsasən turizm, xidmət sektoru və xaricdə yaşayan milyonlarla kaboverdelinin göndərdiyi vəsait hesabına inkişaf edir.

Əslində Kabo-Verdenin futbol uğurunun sirri də məhz burada gizlənir. Ölkənin özündə yarım milyon insan yaşasa da, dünyaya səpələnmiş kaboverdelilərin sayı bir neçə milyon nəfərə çatır. Portuqaliya, Fransa, Hollandiya, Belçika, Lüksemburq və ABŞ-də böyük Kabo-Verde diasporu formalaşıb. Bu ölkələrdə yetişən futbolçular sonradan ata-babalarının vətəninin şərəfini qorumağı seçirlər. Nəticədə Kabo-Verde yığması faktiki olaraq təkcə adalarda yaşayan insanların deyil, bütün dünyaya yayılmış böyük bir xalqın komandası kimi çıxış edir.
Ölkədə futbol sadəcə idman növü deyil, milli kimliyin bir hissəsidir. Futbol Kabo-Verde cəmiyyətini birləşdirən ən mühüm amillərdən biri hesab olunur. Adalarda futbolun tarixi XX əsrin əvvəllərinə gedib çıxır. İlk klublar hələ 1910-1920-ci illərdə yaradılıb və bu idman növü qısa müddətdə xalqın ən sevimli məşğuliyyətinə çevrilib.

Kabo-Verde milli komandası ilk beynəlxalq oyununu 1978-ci ildə keçirib. Uzun illər Afrika futbolunun kölgəsində qalan “Mavi Köpək Balıqları” ləqəbli komanda son onillikdə böyük inkişaf yolu keçib. Onlar ilk dəfə 2013-cü ildə Afrika Millətlər Kubokuna vəsiqə qazanaraq qitəni təəccübləndirdilər. Daha sonra 2015, 2021 və 2023-cü illərdə də turnirdə iştirak etdilər və iki dəfə dörddəbir finala qədər yüksəlməyi bacardılar. Bu nəticələr göstərdi ki, Kabo-Verde artıq təsadüfi komanda deyil. Lakin əsl nağıl 2026-cı ildə yazıldı. Kabo-Verde tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandı. Afrika seçmə mərhələsində Kamerun kimi nəhəng komandaları geridə qoyan ada ölkəsi dünya futbol tarixinin ən böyük sensasiyalarından birinə imza atdı. Dünya çempionatında ilk oyununda Avropa çempionu İspaniyaya qarşı qolsuz heç-heçə etmələri isə bütün planetdə manşetlərə çevrildi. Ardınca Uruqvayla 2:2 hesablı bərabərlik əldə etmələri artıq bunun təsadüf olmadığını sübut etdi.
Bu uğurun simvollarından biri 40 yaşlı qapıçı Vozinya oldu. Təcrübəli qolkiper İspaniya ilə oyunda möhtəşəm çıxışı ilə dünya mediasının qəhrəmanına çevrildi. Onun etdiyi seyvlər sayəsində Kabo-Verde mundial tarixinin ən böyük nəticələrindən birini qazandı. Qısa müddətdə milyonlarla insan bu kiçik ölkənin hekayəsinə aşiq oldu.

Bu gün Kabo-Verde sadəcə futbol oynayan kiçik bir ada dövləti deyil. O, sübut edir ki, uğur üçün böyük əraziyə, yüz milyonlarla əhaliyə və ya milyardlarla dollara sahib olmaq vacib deyil. Doğru strategiya, milli birlik, futbol sevgisi və inam bəzən bütün statistikaları məğlub edə bilir. Atlantik okeanının ortasında yerləşən bu kiçik ölkə artıq dünya futbolunun ən gözəl nağıllarından birini yazır. Kabo-Verde milyonlarla insana göstərir ki, futbolun ən böyük gücü məhz arzuların gerçəyə çevrilməsindədir…Musavat.com





















