image-1backend

” Bu səfər etimadın gücləndirilməsi baxımından əhəmiyyətli siyasi mesajdır”- Politoloq

image-ads-728x90

“Azərbaycan–Ermənistan münasibətlərində növbəti mühüm diplomatik mərhələ müşahidə olunur. Azərbaycan Baş nazirinin müavini, delimitasiya üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev rəhbərlik etdiyi nümayəndə heyəti ilə İrəvan şəhərinə səfər edib. Bu səfər təkcə texniki görüş kimi deyil, həm də tərəflər arasında etimadın gücləndirilməsi baxımından əhəmiyyətli siyasi mesajdır.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, görüş çərçivəsində keçirilən delimitasiya komissiyalarının 13-cü iclasında Azərbaycan və Ermənistan nümayəndələri dövlət sərhədinin müəyyənləşdirilməsi istiqamətində vacib addımlar atıblar.

“Tərəflər texniki sənədlərin hazırlanması, ekspert qruplarının fəaliyyət qaydaları, delimitasiya xəritələrinin tərtibi və sənədləşmə prosedurları ilə bağlı ilkin razılaşmalar əldə ediblərŞahin Mustafayev və onun ermənistanlı həmkarı Mher Grigoryan artıq bir müddətdir sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini müzakirə edir. Bu proses çərçivəsində sərhədin müəyyən hissələri artıq razılaşdırılıb və işlərin davam etdirilməsi sülh prosesinin əsas komponentlərindən biri kimi qalır. Əldə olunan razılaşmalardan biri də növbəti iclasın Azərbaycanda keçirilməsidir. Bu qərar tərəflər arasında dialoqun davamlı olduğunu və danışıqlar mexanizminin qorunduğunu göstərir. Hesab edirəm ki, növbəti mərhələdə delimitasiya işləri cənub istiqamətində davam etdiriləcək ki, bu da Zəngəzur dəhlizi ətrafında yerləşən həssas əraziləri əhatə edəcək”– deyə politoloq bildirib.

Arzuman Muradlı bildirib ki, səfərlə bağlı diqqət çəkən məqamlardan biri də Şahin Mustafayevin bioqrafiyası olub.

“Onun Ermənistanda doğulması, orada təhsil alması və erməni dilini bilməsi yerli mediada geniş müzakirə edilib. Müşahidəçilər hesab edir ki, bu kimi şəxsi və humanitar amillər danışıqlar prosesində psixoloji baryerlərin aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Bu səfər yalnız texniki məsələlərlə məhdudlaşmır, daha geniş siyasi məna daşıyır. Son dövrlərdə tərəflər arasında yük tranzitinin təşkili, Azərbaycanın Ermənistana enerji məhsulları tədarükü və iqtisadi-ticari əlaqələrin artması qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Bu proseslər Ermənistanın daxili siyasətində də mühüm rol oynayır. Baş nazir Nikol Paşinyan üçün Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən nəticələr həm diplomatik, həm də daxili siyasi baxımdan əhəmiyyətlidir. Xüsusilə seçkilər ərəfəsində bu cür irəliləyişlər hökumətin əsas arqumentlərindən birinə çevrilə bilər. Ümumilikdə, Şahin Mustafayevin İrəvana səfəri sərhəd məsələlərinin texniki həllindən daha geniş məna daşıyır. Bu, Bakı və İrəvan arasında münasibətlərin yeni mərhələyə keçdiyini və artıq konkret mexanizmlər üzərində qurulan praktik əməkdaşlığa doğru irəliləyişin olduğunu göstərir.”- deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki