image-imagesbackend

“Bu təşəbbüs Qəzzanın bərpasından çox, maliyyə resurslarının cəmlənməsinə xidmət edir” -İqtisadçı ekspert

image-ads-728x90

“ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması məqsədilə təsis etdiyi “Sülh Şurası” əslində humanitar təşəbbüsdən daha çox maliyyə toplamağa yönəlmiş mexanizm təsiri bağışlayır.” – bu fikirləri  iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.

image-1

Ekspert bildirib ki, “Sülh Şurası”na üzvlüyün 1 milyard dollar ianə qarşılığında təklif edilməsi və bu məbləğin ödənilməsi üçün 3 illik möhlətin verilməsi Tramp administrasiyasının tələsik şəkildə böyük vəsait toplamaq niyyətindən xəbər verir.

Onun fikrincə, bu təşəbbüs Qəzzanın bərpasından çox, maliyyə resurslarının cəmlənməsinə xidmət edir.

“ABŞ Prezidenti artıq bir sıra ölkələrə üzvlüklə bağlı dəvətlər göndərib. Üzvlük haqqının yüksək olmasına baxmayaraq, iqtisadi imkanları məhdud olan bəzi dövlətlər də “Sülh Şurası”na qoşulmaq niyyətini ifadə ediblər. Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab verən ölkələr sırasındadır. Bundan başqa, Türkiyə, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan, Kanada, Misir, Paraqvay, Argentina və Albaniyanın da dəvətə müsbət yanaşdığı bildirilir.” – deyə Arzuman Muradlı bildirib.

İqtisadçı ekspert bildirib ki,  bəzi ölkələr hələlik mövqelərini açıqlamayıblar.

“Hindistanın “Sülh Şurası”na üzvlüklə bağlı dəvətə cavab verməməsinin səbəbi kimi ABŞ-ın Hindistan məhsullarına yüksək gömrük rüsumları tətbiq etmək planları və iki ölkə arasında ticarət sazişinin imzalanmaması göstərilir. Bu məsələlərin müsbət həllini tapacağı təqdirdə Hindistanın da üzvlüyü istisna edilmir. Qeyd olunur ki, Tramp Rusiya və Çinə siyasi səbəblərdən dəvət göndərməyib. “Sülh Şurası”nın yaradılması ABŞ Prezidenti tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahu ilə razılaşdırılmayıb və bu, İsrail tərəfinin narazılığına səbəb olub. Xüsusilə Türkiyənin “Sülh Şurası”na üzv olması Netanyahu tərəfindən arzuolunmaz hesab edilir. Buna baxmayaraq, Ağ Ev Qəzzanın bərpasında Türkiyənin rolunu əhəmiyyətli sayır və Ankaranın prosesdən kənarda qalmasının ABŞ–Türkiyə münasibətlərinə mənfi təsir göstərə biləcəyini nəzərə alır. Türkiyənin Şurada təmsil olunması İsrail–Türkiyə münasibətlərinin normallaşdırılması zərurətini də gündəmə gətirir.” -deyə Arzuman Muradlı bildirib.

Azərbaycanın “Sülh Şurası”nda mümkün iştirakı məsələsinə toxunan ekspert bildirib ki, hazırda ABŞ Prezidentinin Bakıya rəsmi dəvət məktubu göndərməsi ilə bağlı məlumat yoxdur.

Xatırladılıb ki, Donald Tramp ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevi Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət edib və Vaşinqton Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirak etməsini də arzulayıb. Lakin Azərbaycan Prezidenti bu ilin əvvəlində verdiyi müsahibədə ölkənin Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyini bəyan edib.

Buna baxmayaraq, gələcəkdə Azərbaycanın “Sülh Şurası”nda iştirakı istisna edilmir. Bildirilir ki, rəsmi Bakının mövqeyinə Tramp administrasiyasının “Sülh Şurası”nın mandatını digər münaqişələrə şamil etmək və onu BMT-yə alternativ platformaya çevirmək planları təsir göstərə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki