Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı noyabrın 17-də (bu gün) verdiyi açıqlamada bildirib ki, Bursa şəhərinə məxsus şabalıd şirniyyatı və İpsala düyüsü Avropa İttifaqı (Aİ) tərəfindən coğrafi göstərici ilə qeydiyyata alınıb.
Nazir İbrahim Yumaklı Türkiyənin sosial media platforması “NSosyal”da yayımladığı açıqlamasında deyib: “Bursa şabalıd şirniyyatı və İpsala düyüsünün Aİ-dən coğrafi göstərici alması ilə qeydiyyata alınmış məhsullarımızın sayı 42-yə yüksəldi. Coğrafi göstərici almış məhsullarımız bölgələrinin bərəkətli torpaqlarına əlavə dəyər qatacaq. Xeyirli, uğurlu olsun.”
İlin rekordu: 13 məhsul qeydiyyata alındı
Bursanın məşhur şabalıd şirniyyatı şəhərin ətrafındakı yamaclardan toplanan şabalıdlardan hazırlanır. Daha sonra şəkərli şərbətdə qaynadılan bu ləzzət bölgənin mətbəx irsinin simvollarından biri hesab olunur.
İpsala düyüsü isə Edirnənin şimal-qərbində yerləşən İpsala rayonunun su ilə zəngin ovalarında becərilir və yüksək keyfiyyəti, özünəməxsus ətri ilə tanınır.
Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır da qeydiyyat qərarlarını məmnunluqla qiymətləndirərək deyib: “Edirnənin bərəkətli İpsala Ovasında yetişən düyümüz və Bursanın ustalıq ənənəsini yaşadan şabalıd şirniyyatımız yerli irsindən qlobal bazara uzanan markalaşma hekayəsinin simvollarıdır. 2025-ci ildə 13 yeni məhsulumuz Aİ-də qeydiyyata alındı, bu isə ölkəmizin indiyədək əldə etdiyi ən yüksək illik göstəricidir.”
Nazir həmçinin vurğulayıb ki, yerli inkişaf hərəkatı vizyonu çərçivəsində Türkiyənin zənginliklərini tanıtmağa, qorumağa və markalaşdırmağa davam edəcəklər.





















