İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Səhər saatlarında yola salınan köç karvanı kəndə çatıb və ailələr doğma yurdlarına qovuşublar.
Bu mərhələdə Şükürbəyli kəndinə 12 ailə, ümumilikdə 55 nəfər köçürülüb. Kəndə çatan sakinlərə yeni mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Şükürbəyli kəndi müasir standartlara uyğun şəkildə yenidən qurulub. Burada sakinlərin rahat yaşayışı üçün zəruri sosial və mühəndis infrastrukturunun yaradıldığı bildirilir.
Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik tam orta məktəb, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, eləcə də yerli icra strukturları üçün inzibati bina inşa edilib. Bundan başqa, 35/10 kV-luq elektrik yarımstansiyası tikilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və İPTV şəbəkələri qurulub, kənddaxili yollar asfaltlanıb.
İlkin mərhələdə kənddə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlərin, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub. Müasir layihə əsasında inşa edilən evlər 2, 3, 4 və 5 otaqlı olmaqla müxtəlif tipdədir.
Məlumata görə, Şükürbəyli kəndinə Cəbrayıl rayonunun Şıxalıağalı və Dəjəl kəndlərinin, eləcə də Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 615 ailənin, yəni 2 522 nəfərin köçürülməsi planlaşdırılır.





















