image-1backend

Bakının “Bolt”u “boşalıb”? – Xalq artistinin ittihamına REAKSİYA

image-ads-728x90

Xalq artisti Cahangir Novruzov “Bolt” taksi xidmətinin fəaliyyətindən narazılığını ifadə edib. Aktyor bu barədə “Pozan” layihəsinə müsahibəsində danışıb. O, verilişə gecikməsinin səbəbinin taksi sifarişi zamanı yaşadığı problemlə bağlı olduğunu bildirib.

Cahangir Novruzov “Bolt” istifadəçilərinə çağırış edərək şirkəti fırıldaqçılıqda ittiham edib: “Verilişə 15 dəqiqə gecikmişəm. Təqsir məndə deyil. “Bolt”a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq edirlər. Tətbiqi açırsan, tövsiyə ediləni seçirsən. İki dəqiqə yazılır, təsdiqləyən kimi 9 dəqiqə olur. 20-22 dəqiqə maşın gözləməli oldum. Üç maşını ləğv etdim. Məcbur olub daha bahalısını seçirsən. Bu da psixoloji olaraq səni incidır”.

Bəs xalq artistinin səsləndirdiyi ittihamlar nə dərəcədə əsaslıdır? Tətbiqdə göstərilən gözləmə müddətinin sifariş təsdiqləndikdən sonra kəskin artması normal haldırmı? Sərnişin sifarişi təsdiqlədikdən sonra gözləmə müddətinin artması və ya qiymətin dəyişməsi istehlakçı hüquqlarının pozulması sayıla bilərmi? Sərnişin belə problemlə üzləşdikdə hara müraciət etməlidir? Taksi şirkətinin özünə şikayət kifayətdir, yoxsa dövlət qurumları da məsələyə müdaxilə etməlidir?

Məsafəyə görə ödəniş sistemi hələ gündəmdə deyil” - Eldəniz Cəfərov

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov  danışıb.

Ekspert bildirib ki, bu gün taksi xidmətində mövcud olan bəzi problemlər həqiqətən də birbaşa taksi operatoru şirkətlərinin fəaliyyəti ilə bağlıdır: “Mən konkret olaraq hansısa taksi şirkətinin adını çəkmək istəmirəm, lakin belə hallar mövcuddur. Tez-tez həm sərnişinlər, həm də sürücülər özləri bu məsələ ilə bağlı narazılıqlarını bildirirlər. Belə ki, sərnişin taksi sifariş etdikdə avtomobilin onun ünvanına çatma müddəti ona bir cür, sürücüyə isə başqa cür göstərilir. Nəticədə tərəflər arasında anlaşılmazlıq yaranır və bu da çox zaman sürücü ilə sərnişin arasında konfliktə səbəb olur.

Eyni problem sifarişin son məntəqəyə çatdırılması zamanı da müşahidə olunur. Yəni, sərnişinə təyinat məntəqəsinə çatma vaxtı ilə bağlı bir məlumat təqdim edilir, sürücüyə isə başqa vaxt göstərilir. Bu cür uyğunsuzluqlar da öz növbəsində sərnişinlə sürücü arasında narazılığa, anlaşılmazlığa və müxtəlif problemlərə gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, belə hallarda sərnişin öz hüquqlarını müdafiə etmək üçün müvafiq qurumlara müraciət edə bilər. Onun fikrincə, taksi xidmətindən istifadə zamanı sərnişinə təqdim edilən məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluq yaranırsa, bu məsələ istehlakçı hüquqları baxımından da qiymətləndirilə bilər.

Qeyd edək ki, mətbuatda, sosial şəbəkələrdə “Bolt”la bağlı narazılıqlar təkcə gecikmə və qiymət artımı ilə məhdudlaşmır. Həmin narazılıqdan bir neçəsini təqdim edirik: sürücünün sifarişi qəbul edib sərnişinə gəlməməsi – sərnişinin uzun müddət gözlədikdən sonra sifarişi ləğv etməyə məcbur qalması. Sürücünün sifarişi sərnişindən ləğv etdirməsi – sürücünün özü ləğv etmək əvəzinə sərnişindən bunu istəməsi barədə şikayətlər. Sifarişdən sonra qiymətin dəyişməsi – istifadəçinin əvvəl gördüyü məbləğlə səfərin sonunda ödədiyi məbləğin fərqli olması. “Dinamik qiymət” problemi – pik saatlarda və ya tələbat artanda tariflərin kəskin yüksəlməsi. Tətbiqdə göstərilən çatma vaxtının reallıqla uyğun gəlməməsi – xüsusilə yağış, tıxac və pik saatlarda. Sürücünün xəritədə başqa istiqamətlə getməsi və marşrutu uzatması ilə bağlı sərnişin şikayətləri.

Bu bə digər məsələlərlə bağlı “Bolt” taksi şirkətinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki