image-1backend

Dini komitənin sədrindən MESAJ: “Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir”

image-ads-728x90

“Prezident İlham Əliyevin son çıxışında vurğulandığı kimi, ideoloji risklər sərhəd tanımır. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt mühiti ideoloji təsirlərin yayılma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Buna qarşı ən mühüm vasitələrdən biri isə bilikli və savadlı cəmiyyətin formalaşdırılmasıdır”.

Korrekt.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda bildirib.

O qeyd edib ki, bu reallıq bizim məsələyə baxışımızı da dəyişməyi tələb edir: “İnformasiya əldə etmək əvvəlkindən daha asandır.

Lakin informasiya bolluğu avtomatik olaraq düzgün dünyagörüşü yaratmır. Əksinə, eyni informasiya məkanında müxtəlif ideoloji, dini, mədəni və sosial təsirlərin mövcudluğu seçim imkanlarını artırdığı kimi, yanlış istiqamətlənmə risklərini də artırır. Məhz buna görə müasir dövrdə yalnız informasiya təhlükəsizliyindən deyil, həm də düşüncə təhlükəsizliyindən danışmalıyıq. İnsanın düşüncə və dünyagörüşünün təşəkkülündə aldığı biliklərlə yanaşı, hansı dəyərlər sistemi əsasında qərar verdiyi də mühüm rol oynayır. Din bu dəyər sisteminin mühüm komponentlərindən biridir”.

Komitə sədri çıxışını davam edərək bildirib ki, buna görə gənclərin dini biliklərinin düzgün, sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır: “Düşüncə təhlükəsizliyi ilk növbədə insanın doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi dəyərlə radikal ideyanı bir-birindən ayıra bilməsi ilə bağlıdır. Azərbaycanın dövlət-din münasibətləri modelinin mühüm xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, dövlət bütün dini etiqadlara hörmətlə yanaşır, dini etiqad azadlığını təmin edir və eyni zamanda cəmiyyətin dünyəvi xarakterini qoruyur.

Bizim yanaşmamız aydındır: Dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir. Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət Azərbaycan cəmiyyətinin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir. Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır.

Lakin tarixi təcrübə göstərir ki, milli kimliyi qorumaq və müasir inkişaf yolunu seçmək bir-birinə zidd deyil. Başqa sözlə, bizim hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli; yalnız bilikli deyil, məsuliyyətli; sadəcə texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən; öz hüquqlarını bilməklə bərabər məsuliyyətlərini də dərk edən vətəndaş yetişdirməkdir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki