Ötən ilin 23 sentyabr tarixində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan şəhid Səyyaf Əhmədovun qızı atası ilə bağlı təsirli paylaşım edib.
O, atasının şəhadətinin 1-ci ili ilə bağlı bu sözləri yazıb:
“1 il əvvəl dünənki gün neçə nəfər zəng etdi, hal-əhval tutdu, ancaq bir nəfər də səndən bir şey demədi. Bağışla məni, ata. Heç mən də hiss etmədim…
Kaş kor olaydım, o xəbərləri görməyəydim. Həmişə gedib-gəldiyim 2 saatlıq yol o gün mənə o qədər uzun gəldi ki. Bir anlıq sənə çatmaq, sənə sarılıb həyatda olduğunu gözlərimlə görmək istəyirdim. Ancaq evimizə çatarkən hamını evimizin önündə görəndə, anamın qapının ağzında oturub ağlayaraq məni çağırdığını eşidəndə dünyam yıxıldı, ata…
Bu 1 ildə hamı səni paylaşdı, ruhuna dualar edib sənin haqqında o qədər gözəl sözlər dedilər ki…
Mən onları görəndə fəxr edirəm! Sənin kimi bir kişinin övladı olduğum, damarımda sənin qanını, adımın yanında adını və soyadını daşıdığım üçün o qədər qürur duyuram ki… Sənin qoyub getdiyin şərəfli ad, yazdığın qəhrəmanlıq hər şeydən qiymətlidir! Ruhun şad olsun, mənim qəhrəmanım!”/Unikal





















