Kolumbiyalı hücumçu “Qalatasaray”a keçmək istəyir. Korrekt.az Türkiyə mediasına istinadən xəbər verir ki, Con Duran nümayəndələri vasitəsilə “Qalatasaray”a mesaj göndərib.
22 yaşlı futbolçu İstanbul təmsilçisində çıxış etməyə müsbət yanaşır və bu niyyətini kluba çatdırıb.

Məlumata əsasən, “Qalatasaray” rəhbərliyi hücum xəttini gücləndirmək üçün alternativ oyunçular üzərində işləyir. Mauro İkardinin gələcəyi ilə bağlı qərarın qeyri-müəyyən olması səbəbindən Con Duran da potensial namizədlər siyahısına daxil edilib.
Bildirilib ki, klub rəhbərliyi hələlik gənc hücumçunu əsas transfer prioriteti kimi görmür, lakin İkardinin komandada qalmaması halında bu istiqamətdə addımların sürətlənə biləcəyi qeyd olunur.
İddialara görə, Con Duran əvvəllər aldığı maaşdan daha aşağı şərtlərlə də “Qalatasaray”a keçməyə hazır olduğunu nümayiş etdirib. Bununla belə, klub rəhbərliyi futbolçunun fiziki və psixoloji vəziyyətini də ətraflı qiymətləndirməyi planlaşdırır.
Hazırda “Əl Nəsr” klubuna məxsus olan 22 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərarın Səudiyyə Ərəbistanı təmsilçisinin mövqeyindən də asılı olduğu bildirilir. Klubun yeni mövsüm planlamasında Duranın yer alıb-almayacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, futbolçu ötən mövsümün ilk yarısını “Fənərbaxça”da, ikinci yarısını isə “Zenit”də keçirib.





















