Avropada yaşlı əhali üçün pensiyalar əsas gəlir mənbəyi hesab olunur. Avropa İttifaqında (Aİ) 65 yaşdan yuxarı insanların gəlirlərinin təxminən üçdə ikisi dövlət pensiyaları və sosial müavinətlərin payına düşür.
Korrekt.az Euronews-ə istinadən xəbər verir ki, buna baxmayaraq, Aİ-yə daxil olan 28 ölkədə pensiyaçıların gəlirləri ümumi əhalinin orta gəlirinin cəmi 86 faizini təşkil edir. Baltikyanı ölkələrdə bu göstərici 70 faizdən aşağıdır. Belçika, Danimarka və İsveçrə kimi ölkələrdə isə yaşlıların gəlirləri orta səviyyənin təxminən 80 faizinə çatır.
Müqayisəni daha dəqiq aparmaq üçün Aİ-də orta illik ümumi pensiya məbləği əsas götürülür. Avrostatın məlumatına əsasən, 2023-cü ildə (2025-ci ilin sonuna olan göstəricilərlə) Aİ-də orta illik pensiya 17 321 avro təşkil edib. Bu isə vergilər çıxılmadan əvvəl ayda orta hesabla 1 443 avroya bərabərdir.
Ümumilikdə 34 Avropa ölkəsində orta illik pensiya məbləği kəskin fərqlənir. Bu göstərici Türkiyədə 3 377 avro olduğu halda, İslandiyada 38 031 avroya çatır. Aİ üzvü olan ölkələr arasında isə ən aşağı orta pensiya Bolqarıstanda — 4 479 avro, ən yüksək isə Lüksemburqda — 34 413 avro səviyyəsindədir.
Siyahının sonlarında Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Xorvatiya, Slovakiya, Rumıniya, Litva, Macarıstan və Latviyanın yer aldığı bildirilir. Bu ölkələrdə orta illik pensiya 8 000 avrodan aşağıdır.
Məlumatlar Avropa ölkələri arasında pensiya səviyyələrində kəskin fərqlərin mövcud olduğunu göstərir. Belə ki, ən yüksək pensiya məbləği ən aşağı göstəricidən on dəfədən çoxdur.





















