“Paşinyan faktiki olaraq Rusiyaya qarşı siyasi mübarizə xətti seçib. Moskva isə Ermənistanın onun təsir dairəsindən çıxmasını qəbul etmək istəmir. Bu səbəbdən Kreml regionda, xüsusilə də Zəngəzur istiqamətində son gedişlərini edərək mövqelərini qorumağa və təsir imkanlarını artırmağa çalışır”. – bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, Rusiya son illərdə Ermənistan üzərindəki ənənəvi təsir rıçaqlarını tədricən itirməkdədir. Onun fikrincə, Moskva əvvəlcə iqtisadi təzyiq mexanizmlərindən istifadə etsə də, bu cəhdlər gözlənilən nəticəni verməyib.
“İqtisadi təzyiqlər İrəvanı qorxutmadı və Ermənistan rəhbərliyi geri addım atmadı. Hazırda Rusiya son çırpıntılarını reallaşdırmağa çalışır. Kreml güc nümayiş etdirməklə İrəvanı çəkindirmək və öz orbitində saxlamaq niyyətindədir. Lakin Nikol Paşinyanın son açıqlamaları göstərir ki, Ermənistan rəhbərliyi Qərbə inteqrasiya kursunu davam etdirməkdə qərarlıdır”, – deyə o qeyd edib.
Arzuman Muradlı hesab edir ki, Ermənistanın xarici siyasətində baş verən dəyişikliklər artıq strateji xarakter daşıyır və bu prosesin qarşısını almaq əvvəlki qədər asan deyil.
“Hadisələrin inkişafı onu göstərir ki, İrəvan Qərbə doğru inamlı addımlarla irəliləyir. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsi də gündəmdə qalır və bu, Ermənistanın yeni siyasi kursunun göstəricilərindən biridir. Mövcud şəraitdə Ermənistanın bu yoldan geri dönəcəyi inandırıcı görünmür”, – politoloq vurğulayıb.
Ekspertin fikrincə, uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas dayağı hesab olunan Ermənistan artıq əvvəlki mövqedə deyil və regionda yeni geosiyasi reallıqlar formalaşır.
“Rusiyanın Cənubi Qafqazda son qalası adlandırılan Ermənistan faktiki olaraq Moskvanın nəzarətindən çıxmaqdadır. Bununla belə, Kreml hələ də proseslə barışmaq niyyətində deyil və müxtəlif vasitələrlə regionda təsirini qorumağa çalışır. Hadisələrin gedişi göstərir ki, qarşıdakı dövrdə Rusiya-Ermənistan münasibətlərində gərginliyin daha da artması istisna deyil”, – deyə Arzuman Muradlı bildirib.





















