Böyük marketlərdə yumurtanın qiymətinin bir çolarının gözlərini anlına çıxarıb.
Bəzi marketlərdə “kənd yumurtası” adı ilə satılan məhsulların qiymətinin 36-38 qəpiyə, ağ yumurtaların isə 28 qəpiyə təklif edilməsi istehlakçılar arasında çaşqınlıq və suallar yaradıb.
Firmadan asılı olaraq qiymətlərin bu civarda müəyyənləşməsi sosial mediada müzakirələrə səbəb olub.
“Böyük marketlərdə həmin qiymətə “kənd yumurtas”ı adı ilə satılan məhsullar əsasən Türkiyədən gətirilir və Azərbaycan istehsalçılarına aid deyil”.
Bunu “Yeni Sabah”a danışan “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin mətbuat katibi Dünya Sakit bildirib.
“Düşünmürəm ki, hazırda o qiymətə yerli yumurta satışı həyata keçirilsin. “Giləzi”, “Hacıqabul” və digər yerli istehsal olan yumurtalarının qiyməti hazırda 14-15 qəpik civarında dəyişir. Yerli firmalarda hazırda 28 qəpiyə satılan yumurta yoxdur. Ağ yumurtalar 14, sarı yumurtalar isə 15 qəpiyə müştəriyə təklif olunur. Bir neçə ay öncə yumurta 1 qəpiyə də təklif olunurdu, o da müəyyən müddətlik həyata keçirilən kampaniya idi”.
Qeyd edək ki, bu ilin iyun ayında marketlərdə yumurtanın qiyməti 1 qəpiyə enmişdi. Həmin vaxt alıcılar arasında yumurtaların “süni” olması ilə bağlı narahatlıqlar yaransa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlamalar zamanı uyğunsuzluq və ya süni yumurta faktı aşkarlanmadığını bildirmişdi. Hazırda marketlərdə bu endirim başa çatıb və qiymətlər yenidən 15-20 qəpik aralığına dəyişir.






















