“Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır – həm şimalda, həm cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq”.
Korrekt.az xatırladır ki, bu fikirləri Prezident İlham Əliyev hakim partiyanın sonuncu qurultayında deyib.
Dövlət başçının sözlərinə görə, beynəlxalq hüquq tamamilə sıradan çıxıb: “Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur”.
Prezident şimal və cənubda gedən müharibələri deyərkən, təbii ki, Rusiya və İranın münaqişə vəziyyətində olmasına işarə vurub. Bu savaşlar bizə hansı təhdidləri yaradır? Eyni zamanda, prezident təxribatlara hazır olmağa çağırır, söhbət konkret olaraq, nə kimi təhlükələrdən gedir?
Deputat Azər Badamov bildirdi ki, dünyada geosiyasi gərginliklər dərinləşir, müxtəlif bölgələrdə müharibə və münaqişə ocaqları genişlənir: “Azərbaycanın şimalında, cənubunda və daha geniş coğrafiyada baş verən proseslərin nə vaxt və necə başa çatacağı ilə bağlı dəqiq proqnoz vermək çətindir. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın əsas vəzifələrindən biri əldə etdiyi ərazi bütövlüyü və suverenliyi qorumaq, ölkənin təhlükəsizliyini təmin etmək və yaranmış sabitliyi davamlı saxlamaqdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, hazırda isə təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirən ölkədir. Təbii ki, belə bir şəraitdə ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi, dövlətimizin zəiflədilməsi və xarici təsir imkanlarının genişləndirilməsi cəhdləri istisna deyil. Bu baxımdan prezidentin “hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək” fikri xüsusi əhəmiyyət daşıyır. Söhbət yalnız hərbi təhlükələrdən deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönələ biləcək müxtəlif xarici təsirlərdən gedir”.
Deputatın sözlərinə görə, Azərbaycanın fiziki sərhədləri qorunur və ölkəmizin müdafiə imkanları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə güclənib: “Müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin artırılması, müasir texnoloji silahların alınması, yeni komando hərbi hissələrinin yaradılması, beynəlxalq və ikitərəfli hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun hazırlığının və imkanlarının daha da artırılmasına xidmət edir. Lakin müasir dövrdə təhlükəsizlik anlayışı yalnız sərhədlərin və hərbi imkanların qorunması ilə məhdudlaşmır. Süni intellektin inkişafı, sosial medianın geniş imkanları və informasiya texnologiyalarının sürətli inkişafı xarici təsirlərin və informasiya təxribatlarının yeni formalarının ortaya çıxmasına şərait yaradır. Bu baxımdan informasiya təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm istiqamətlərindən birinə çevrilib. Müxtəlif informasiya resursları, sosial şəbəkələr və media platformaları vasitəsilə cəmiyyətə təsir göstərmək, ictimai rəyi istiqamətləndirmək və insanlar arasında fikir ayrılıqlarını dərinləşdirmək mümkündür. Ona görə də hər bir informasiya resursuna və yayılan xəbərə tənqidi yanaşmaq, məlumatın mənbəyini və məqsədini araşdırmaq xüsusilə vacibdir”.
Onun sözlərinə görə, cəmiyyətdə parçalanma yaratmaq, insanlar arasında qarşıdurmanı dərinləşdirmək, dövlət institutlarına inamı sarsıtmaq və milli həmrəyliyi zəiflətmək də müxtəlif ölkələrin üzləşdiyi təhlükələr sırasında yer alır: “Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də cəmiyyətin ideoloji və informasiya dayanıqlığının gücləndirilməsidir. Təhsilimizin keyfiyyətinin daha da artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi və informasiya savadlılığının yüksəldilməsi bu istiqamətdə mühüm rol oynayır. Azərbaycanın ətrafında gedən proseslər göstərir ki, əldə edilmiş zəfər və bərpa olunmuş suverenlik təhlükəsizlik məsələsini gündəmdən çıxarmır. Əksinə, yeni reallıq əldə edilmiş nəticələrin qorunmasını, dövlətin müdafiə imkanlarının daim gücləndirilməsini və cəmiyyətin yeni təhlükələrə qarşı hazırlıqlı olmasını tələb edir. Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ yalnız xarici təhdidlərə cavab vermək deyil, həm də bu təhdidlərin cəmiyyətə təsir imkanlarını minimuma endirməkdir. Ətrafımızda müharibələrin və qarşıdurmaların davam etdiyi bir vaxtda Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi üçün həm hərbi, həm iqtisadi, həm də informasiya baxımından güclü olması vacibdir. Ətrafımızda alovlanan münaqişələr fonunda ən böyük təminatımız isə güclü dövlət, güclü ordu, ayıq-sayıq cəmiyyət və milli həmrəylikdir”.Musavat.com





















