Bakının Xəzər rayonunun Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin qətlə yetirilməsinin görüntüləri yayılıb.
Korrekt.az xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində Ə.İsazadə küçəsində baş verib. Hadisə anlarını ərazidən keçən avtobusdakı sərnişinlərdən biri mobil telefonla lentə alıb.
Görüntülərdən 1986-cı il təvəllüdlü Müseyib Əhmədovun 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə çoxsaylı bıçaq xəsarətləri yetirdiyi görünür. Hadisə şahidləri qadını onun əlindən alaraq təcili tibbi yardım göstərilməsini təmin ediblər. Lakin Fatimənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs hadisədən əvvəl sosial şəbəkə hesabında təhdid və intiqam xarakterli paylaşımlar edib.
Onun paylaşdığı mesajlarda “Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün məni məcbur elədin”, “Can almasam, can vermərəm”, “Düz sözdü, namusu belə təmizləmək lazımdı” və “Son gün az qalıb, inşallah intiqamımı alacam” kimi ifadələrin yer aldığı bildirilir.
Məlumata görə, Müseyib Əhmədov iki il əvvəl həyat yoldaşından boşanıb. Daha sonra Fatimə Rəhmanzadə ilə münasibətdə olub. Tərəflər arasında yaranan mübahisədən sonra münasibətləri pozulub.
İlkin məlumata görə, hadisə günü Əhmədov qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşıb. Münasibətləri bərpa etməkdən imtina edən Fatiməyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib.
Faktla bağlı araşdırma davam etdirilir.





















