Texnobloger Fərid Pərdəşünas sosial şəbəkələrdəki və xüsusilə TikTok-da baş verən narahatedici hallarla bağlı ciddi müşahidələrini paylaşaraq gənclərin rəyləri və davranışları haqqında düşüncələrini bölüşüb.
Korrekt.az xəbər verir ki, Fərid Pərdəşünas bildirib ki, son zamanlar TikTok-da qarşılaşdığı bəzi rəyləri oxuyarkən, həmin istifadəçilərin profil şəkillərinə baxmaq qərarına gəlib: “Çox qəribə bir situasiyanı müşahidə edirəm. TikTok-da bəzi paylaşımlara gələn rəyləri oxuyanda, daxil olub həmin rəylərin sahiblərinin fotolarına baxıram.”
Blogger, sosial şəbəkələrdə, xüsusilə də TikTok-da qeyri-adekvat, söyüşlü və cinayət məsuliyyəti yarada biləcək rəylərin çoxluğunu vurğulayıb: “Harada qeyri-adekvat, cinayət tərkibli, söyüşlü rəylər var, seçirəm və sosial müşahidə olaraq profillərinə baxıram. Son zamanlar etdiyim müşahidələr isə məni ciddi düşündürür.”
Fərid Pərdəşünas, xüsusilə çoxsaylı azyaşlıların bu cür rəylər yazdığını və onların məsuliyyətini tamamilə anlamadığını qeyd edib: “Söyüşlü, cinayət məsuliyyəti yaradan rəylərin əksəriyyəti azyaşlılar tərəfindən yazılır. Baxırsan, uşaqdır, maksimum 15 yaşı olar, amma artıq TikTok-da özündən böyükləri söyür, təhqir edir, hədələyir. Yazdığının məsuliyyətini qətiyyən anlamır.”
Blogger, bu cür davranışların cəmiyyətə və gələcək nəsilə təsirini narahatlıqla müzakirə edib: “Necə bir nəsil formalaşır? Bu uşaqlar böyüyüb kim olacaq? Valideynləri hara baxır? Türmələri doldurmaq üçünmü övlad yetişdirirlər? Necə bir deqradasiyaya doğru gedirik biz? Çox ağrılıdır əslində.”
Fərid Pərdəşünasın bu fikirləri, sosial media istifadəsinin və uşaq və gənclərin internetdə sərgilədikləri davranışların gələcəkdə cəmiyyət üçün yaratdığı risklərə işarə edir. O, həmçinin valideynləri, müəllimləri və cəmiyyətin digər üzvlərini daha çox diqqətli olmağa çağırıb.





















