“Forbes” jurnalının baş kontent direktoru Randall Leyn nəşrin tərəfdaşlarından birindən təxminən 6 milyon dollar məbləğində ödəniş aldığı üzə çıxdıqdan sonra vəzifəsindən azad edilib.
Korrekt.az “The New York Times”-a istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmadan sonra Leyn iyul ayında vəzifəsindən çıxarılıb. Söhbət “Forbes”in sərvət idarəetməsi üzrə məsləhətçilərin reytinqlərini hazırlamaq üçün əməkdaşlıq etdiyi “Shook Research” şirkətinin təsisçisi R.J. Shook tərəfindən edildiyi bildirilən ödənişdən gedir.
Leyn “The New York Times”a açıqlamasında səhv etdiyini etiraf edib.
“Mən səhv etdim və bunun məsuliyyətini qəbul edirəm. Hədiyyəni açıqlamalı idim. Bunu etməməyim ciddi mühakimə səhvi idi”, – deyə o bildirib.
Leyn əlavə edib ki, baş verənlərə görə təəssüflənir və nəticədə həm işini, həm də sevdiyi komandanı itirib.
“The New York Times”ın əldə etdiyi “Forbes”in daxili qaydalarına əsasən, şirkətin əməkdaşlarına nəşrin biznes əməliyyatlarından şəxsi mənfəət əldə etmək qadağandır. Bundan başqa, işçilər hər hansı kənar fəaliyyətlə məşğul olmazdan əvvəl şirkətdən icazə almalıdırlar.
“Forbes”in sözçüsü məsələ ilə bağlı əlavə açıqlama verməkdən imtina edib. Nəşr bunun şirkətin məxfilik siyasəti və digər hüquqi məsələlərlə bağlı olduğunu bildirib.
Şirkətin açıqlamasında redaksiya fəaliyyətinin hazırda güclü rəhbərlik komandası tərəfindən davam etdirildiyi, icraçı redaktor Kerri Lavermanın isə müvəqqəti olaraq redaksiya fəaliyyətinə nəzarət edəcəyi qeyd olunub.
“Forbes öz platformalarında etibarlı jurnalistika və yüksək səviyyəli məzmun təqdim etməyə diqqət yetirir”, – deyə şirkətin nümayəndəsi bildirib.
“The Wrap”ın məlumatına görə, “Forbes”in baş direktoru Şeri Filips əməkdaşlara göndərdiyi məktubda Leynin işdən çıxarılması ilə bağlı xəbərin kollektivdə suallar doğurmasının təbii olduğunu bildirib. Bununla belə, o, şirkətin məxfilik siyasətinə görə hazırda əlavə məlumat verə bilməyəcəklərini qeyd edib.
Məlumata görə, Leynə ödəniş etdiyi bildirilən R.J. Shook “Shook Research” şirkətinin təsisçisidir. Şirkət “Forbes”lə sərvət idarəetməsi üzrə məsləhətçilərin reytinqlərinin hazırlanması istiqamətində əməkdaşlıq edib.
“The Independent” məsələ ilə bağlı “Shook Research” və R.J. Shookdan şərh almağa çalışıb. Lakin nə şirkət, nə də Shook yayılan məlumatlarla bağlı açıqlama verib.
Randall Leyn uzun illərdir “Forbes”də çalışıb. Onun sözlərinə görə, o, universiteti tərk etdikdən sonra nəşrdə fəaliyyətə başlayıb və 27 yaşında “Forbes”in Vaşinqton bürosunun rəhbəri vəzifəsinə yüksəlib.
Daha sonra “Forbes”dən ayrılaraq startap yaradan Leyn 2011-ci ildə nəşrə qayıdıb və sonrakı illərdə baş kontent direktoru vəzifəsinə qədər yüksəlib.
“Forbes” dünyanın ən tanınmış biznes nəşrlərindən biri hesab olunur. Jurnalın uzun illər ərzində Uorren Baffet və Bill Qeyts kimi dünyanın tanınmış biznesmenləri ilə bağlı materialları və onların yer aldığı üz qabıqları dərc olunub.





















