ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadaya alınması ilə bağlı qərar verdiyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri boğaza daxil olmağa və ya onu tərk etməyə çalışan “istisnasız bütün gəmiləri” bloklayacaq.
ABŞ Mərkəzi Komandanlığı da qərarı təsdiqləyərək bildirib ki, blokada İranın bütün limanlarını əhatə edəcək və Vaşinqton vaxtı ilə aprelin 13-ü səhər saatlarından qüvvəyə minəcək.
Tramp eyni zamanda hərbi donanmaya beynəlxalq sularda İrana boğazdan keçmək üçün rüsum ödəyən gəmilərin aşkarlanması və saxlanılması tapşırığını verib. ABŞ Prezidenti vurğulayıb ki, “qanunsuz rüsum ödəyənlər açıq dənizdə təhlükəsiz keçid əldə etməyəcəklər”.
Məlumatlara görə, son həftələrdə İran bəzi gəmilərdən Hörmüz boğazından keçid üçün 1 milyon dollara qədər ödəniş tələb edib. Bildirilir ki, bu şərtləri əsasən İranla əlaqəli və “kölgə donanması”na aid təxminən 250 gəmi qəbul edib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton boğazda minaların təmizlənməsi əməliyyatına başlayacaq və istənilən hücumlara sərt reaksiya verəcək.
Hörmüz boğazı ilk dəfə deyil ki, qlobal böhranın mərkəzinə çevrilir. Oxşar vəziyyət 1980-ci illərdə, İran-İraq müharibəsi zamanı yaşanmışdı. Həmin dövrdə baş verən “tanker müharibəsi” zamanı İran və İraq qarşılıqlı olaraq neft tankerlərinə və enerji infrastrukturuna hücum edirdi.
Münaqişə nəticəsində yüzlərlə gəmi hücuma məruz qalmış, 100-dən çox mülki dənizçi həlak olmuşdu. İraq Fransa istehsalı olan təyyarələr və raketlərlə əsasən İran neftini daşıyan gəmiləri vurur, İran isə Küveyt və Səudiyyə Ərəbistanına gedən tankerlərə hücum edirdi.
Həmin dövrdə ABŞ da bölgəyə müdaxilə edərək tankerləri hərbi müşayiət altına almışdı. Lakin bu addım faciələrlə nəticələnmişdi. 1987-ci ildə ABŞ-ın “USS Stark” hərbi gəmisi İraq təyyarəsi tərəfindən vurulmuş, 37 amerikalı hərbçi həlak olmuşdu. Bir il sonra isə “USS Vincennes” gəmisi səhvən İran sərnişin təyyarəsini vuraraq 290 nəfərin ölümünə səbəb olmuşdu.
1980-ci illərdə Hörmüz boğazından keçən dənizçilər bildirirlər ki, hazırkı gərginlik onlarda ağır xatirələri yenidən canlandırır. Norveçli kapitan Arild Sivertsen deyib ki, həmin dövrdə xidmət etmiş dənizçilər üçün vəziyyət psixoloji baxımdan olduqca çətindir.Onun sözlərinə görə, o illərdə ekipajlar təhlükədən yayınmaq üçün gecə vaxtı, işıqları söndürərək və radio səssizliyi rejimində hərəkət edirdi.
Digər veteran Olaf Miklebust isə qeyd edib ki, gəmilər aşkar olunmamaq üçün radar və transponderlərdən minimum istifadə edir, bəzən isə tamamilə söndürürdü. Onun fikrincə, hazırkı şəraitdə də eyni taktikalardan istifadə olunması mümkündür.
Mütəxəssislər hesab edir ki, ABŞ Hərbi Dəniz Qüvvələri boğazı yenidən açmaq gücünə malik olsa da, bu addım gərginliyi daha da artıraraq genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər.
Veteranların fikrincə, hətta dünyanın ən güclü donanmalarından biri belə bu cür mürəkkəb və riskli regionda vəziyyəti tam nəzarətdə saxlaya bilmir. Bu isə Hörmüz boğazı ətrafında yeni böhran ehtimalını daha da artırır.“AzPolitika.info”





















