“Bu gecə ABŞ ilə İran arasında müvəqqəti sülh müqaviləsinin bağlanması müharibənin tam dayanması demək olmasa da, regionda gərginliyin qismən azalmasına səbəb ola bilər. Bu razılaşma bölgə ölkələri üçün qısa müddətli “nəfəs imkanı” yaradır.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən fikirlər isə Azərbaycan üçün əlavə narahatlıqlar doğurur. Tramp İranla sülhə yaxın olduqlarını desə də, eyni zamanda regiondakı bəzi qüvvələrə silah göndərildiyini etiraf edib.
Onun sözlərinə görə, bu silahların əsasən kürd müxalif qruplarına çatdırıldığı bildirilir.
Arzuman Muradlının fikrincə, bu vəziyyət regionda yenidən gərginliyin artmasına zəmin yarada bilər.
“Azərbaycan üçün iki əsas risk mövcuddur:
Birincisi, İranda etirazçı qüvvələrin silahlanması bu ölkədə vətəndaş qarşıdurması ehtimalını yüksəldə bilər. Bu isə Azərbaycanın qonşuluğunda sabitliyin pozulması və xaosun yaranması deməkdir.
İkincisi isə kürd silahlı qruplarının gücləndirilməsidir. “- deyə Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, İranda yaşayan kürdlər əsasən Güney Azərbaycanın qərb bölgələrində – Urmiya, Xoy, Mahabad, Salmas və digər ərazilərdə məskunlaşıblar və son dövrlərdə yerli azərbaycanlı əhali ilə münasibətlər daha da gərginləşib. Hətta bəzi hallarda azərbaycanlıların həmin əraziləri tərk etməsi ilə bağlı çağırışların edildiyi qeyd olunur.
Arzuman Muradlı əlavə edib ki, kürd qruplarının silahlandırılması və “Vahid Kürdüstan” ideyasının yenidən gündəmə gətirilməsi bölgədə ciddi qarşıdurma riskini artırır. Onun sözlərinə görə, bu ideya yeni deyil və illərdir müxtəlif təşkilatlar vasitəsilə təşviq olunur.
Politoloq sonda vurğulayıb ki, belə bir ssenaridə Azərbaycan öz soydaşlarının təhlükəsizliyini təmin etmək üçün addımlar atmaq məcburiyyətində qala bilər ki, bu da region üçün daha genişmiqyaslı problemlərə yol aça bilər.





















