Son günlər Xəzər dənizində baş verən zəlzələlər seysmik aktivliklə bağlıdır. Xəzər seysmik baxımdan aktiv bölgə olduğuna görə orada həmişə zəlzələlər qeydə alınır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.
O bildirib ki, Azərbaycan ərazisi Alp-Himalay seysmik qırışıqlığının üzərində yerləşir və Xəzər dənizi seysmik baxımından aktiv bölgələrimizdən biridir. “Aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması halı mümkündür. Yəni ərazi seysmikdirsə, orada zəlzələ ehtimalı var. Xəzər dənizində və respublikanın quru ərazisində baş verən maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatları RSXM-in rəsmi internet səhifəsi üzərindən daim ictimaiyyətin diqqətinə çatdırırıq”,- deyə o vurğulayıb.





















