image-1backend

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

image-ads-728x90

Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış, oftalmologiya sahəsini dünya miqyasında tanıdan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun elmi fəaliyyəti, pedaqoji xidməti və yüksək mənəvi keyfiyyətləri bu gün də səhiyyə ictimaiyyəti üçün örnək olaraq qalır.
Zərifə xanım Əliyeva həkimlərin peşəkar səviyyəsinin yüksəldilməsi və səhiyyə sistemində kadr hazırlığının gücləndirilməsi istiqamətində böyük zəhmət sərf edib. Onun rəhbərliyi ilə oftalmologiya sahəsində yeni alim və həkim nəsli formalaşıb. Gənc mütəxəssislər onun zəngin bilik və təcrübəsindən faydalanaraq peşəkar inkişaf yolunda mühüm addımlar atıblar.

Alimin elmi irsi olduqca genişdir. O, yüzlərlə elmi məqalənin, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olub. Eyni zamanda, innovativ yanaşmaları ilə tibb elminə yeni töhfələr verib, bir sıra ixtira və səmərələşdirici təkliflərlə çıxış edib. Onun rəhbərliyi altında çoxsaylı elmlər doktorları və fəlsəfə doktorları yetişərək Azərbaycan elminin inkişafına öz töhfələrini veriblər.
Zərifə Əliyeva yalnız böyük alim kimi deyil, həm də yüksək insani keyfiyyətlərə malik şəxsiyyət kimi tanınıb. Onun humanizmi, xəstələrə qayğıkeş münasibəti, həmkarlarına və tələbələrinə göstərdiyi diqqət cəmiyyətdə ona dərin hörmət qazandırıb. O, Azərbaycan qadınının ziyalılıq və mənəviyyat simvoluna çevrilib.

Bu gün də onun elmi əsərləri oftalmologiya sahəsində çalışan mütəxəssislər və tələbələr üçün dəyərli mənbə olaraq qalır. Zərifə xanımın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmayıb, o, eyni zamanda səhiyyə sisteminin davamlı inkişafına xidmət edən kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib.
Görkəmli alim həm də nümunəvi ailə başçısı idi. O, Ulu Öndər Heydər Əliyev üçün etibarlı mənəvi dayaq olub, ailəsində yüksək dəyərlərə əsaslanan mühit formalaşdırıb. Prezident İlham Əliyev isə anası haqqında hər zaman dərin ehtiramla danışaraq, onun həm böyük alim, həm də fədakar ana olduğunu vurğulayıb.

Bu gün akademik Zərifə Əliyevanın adı Azərbaycan tibb tarixində qürurla çəkilir. Onun zəngin irsi, elmi nailiyyətləri və mənəvi dəyərləri gələcək nəsillər üçün örnəkdir.

Könül Nurullayeva

Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki