“Miqrantların ölkədən deportasiyası üçün əsasların sayı ikiqat artırılacaq”.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, Duma qanun layihəsinə aprelin 13-də baxmağa başlayacaq. Layihəyə əsasən, icazəsiz mitinqlərdə iştirak edən, Rusiya silahlı qüvvələrini nüfuzdan salan, Rusiyaya və onun vətəndaşlarına qarşı sanksiyalara çağıran və ölkənin ərazi bütövlüyünü pozan hərəkətlərə açıq çağırış edən xarici vətəndaşların deportasiya edilməsi planlaşdırılır.
Yeni qanun miqtantlara qarşı nə dərəcədə işlək olacaq, ölkədən miqrasiya sürətlənə bilərmi?

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, Rusiyada miqrasiya siyasətinin son illərdə sərtləşdiyi məlum idi, amma Vyaçeslav Volodin tərəfindən açıqlanan bu yeni təşəbbüs artıq hüquqi çərçivənin daha da genişləndirilməsi deməkdir: “Son dəyişiklik texnikidən daha çox siyasi və təhlükəsizlik yönümlü strategiyanın davamıdır. Layihənin əsas mahiyyəti deportasiya üçün əsasların genişləndirilməsidir. Əgər əvvəllər daha çox inzibati və miqrasiya qaydalarının pozulması əsas sayılırdısa, indi icazəsiz aksiyalarda iştirak, ordunun “nüfuzdan salınması”, sanksiyalara çağırış, ərazi bütövlüyünə qarşı bəyanatlar kimi daha çox siyasi xarakterli hərəkətlər də deportasiya səbəbinə çevrilir”.
Cavad Cavadov hesab edir ki, bu dəyişikliklərlə Rusiya faktiki olaraq, miqrantları yalnız əmək bazarının subyekti kimi yox, həm də potensial siyasi risk elementi kimi qiymətləndirməyə başlayıb: “Yəni, qanun miqrantın davranışını təkcə hüquqi yox, ideoloji çərçivədə də nəzarət altına almağa xidmət edir. “Nüfuzdan salma”, “çağırış” kimi anlayışlar çox elastikdir və geniş tətbiq imkanları yaradır. Rusiya son illərdə xüsusilə Ukrayna müharibəsi fonunda daxili nəzarəti gücləndirib. Bu qanun həmin kursun davamıdır. Qanunların selektiv və sürətli tətbiqi mümkündür”.
Vəkil deyib ki, bu qanun kütləvi deportasiyadan çox, profilaktik qorxu mühiti yaratmağa xidmət edəcək: “Yəni, miqrantlar ictimai-siyasi fəallıqdan uzaq duracaq, daha “görünməz” həyat tərzinə keçəcək. Miqrantların hüquqi risklərdən qaçmaq üçün davranışlarını dəyişəcək”.
Cavad Cavadlı, həmçinin, qeyd edib ki, yeni qanun qəbul olunarsa, Rusiyaya miqrasiya axını tam dayanmayacaq, amma keyfiyyətcə dəyişəcək: “Dövlət miqrantlara iqtisadi olaraq ehtiyac duyur, amma eyni zamanda, onları daha çox idarə olunan, susqun və siyasi baxımdan “neytral” kütlə kimi saxlamağa çalışır. Bu qanun qəbul edilirsə, Rusiyada daha ehtiyatlı, daha qorxulu və daha az hüquqi müdafiəli miqrant kütləsi formalaşacaq”.





















