image-1backend

“Ümidli Gələcək” ECPAT International qlobal şəbəkəsinin tamhüquqlu üzvü oldu

image-ads-728x90
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (Reliable Future Social Initiatives Public Union) uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq təşkilatlardan biri olan ECPAT International qlobal şəbəkəsinə tamhüquqlu üzv qəbul olunduğunu qürurla elan edir.

Təşkilatın üzvlüyü 2026-cı ilin mart ayında ECPAT International-ın müvafiq qurumları tərəfindən təsdiqlənmişdir. Rəsmi sertifikata əsasən, “Ümidli Gələcək” təşkilatı 18 mart 2026-cı il tarixindən etibarən bu nüfuzlu şəbəkənin üzvüdür.

ECPAT International dünya üzrə 100-dən çox ölkədə fəaliyyət göstərən geniş beynəlxalq şəbəkədir və əsas məqsədi uşaqların cinsi istismarı, insan alveri və digər zorakılıq formalarının qarşısının alınmasıdır. Təşkilat qlobal səviyyədə uşaqların müdafiəsi istiqamətində hökumətlərlə əməkdaşlıq edir, qanunvericiliyin və siyasətlərin təkmilləşdirilməsinə töhfə verir, onlayn mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması üçün fəaliyyət göstərir, maarifləndirmə kampaniyaları həyata keçirir və zərərçəkmiş uşaqlar üçün dəstək mexanizmlərinin gücləndirilməsini təşviq edir.

Bu mühüm nailiyyət təşkilatın uzun illər ərzində göstərdiyi fəaliyyətin, peşəkarlığının və beynəlxalq standartlara sadiqliyinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

“Bu bizim üçün yalnız böyük şərəf deyil, eyni zamanda böyük məsuliyyətdir. Uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində çalışan qlobal şəbəkənin bir hissəsi olmaq bizə yeni imkanlar yaradır və fəaliyyətimizi daha da gücləndirmək üçün əlavə motivasiya verir”, — deyə təşkilat nümayəndələri bildiriblər.

ECPAT International-a üzvlük aşağıdakı imkanları yaradır:

beynəlxalq təcrübə və qabaqcıl yanaşmaların paylaşılması;
uşaqların müdafiəsi üzrə milli mexanizmlərin gücləndirilməsi;
qlobal təşəbbüslərdə aktiv iştirak;
yeni tərəfdaşlıqların və birgə layihələrin genişləndirilməsi.

“Ümidli Gələcək” İctimai Birliyi uzun illərdir ki, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində kompleks fəaliyyət göstərir. Təşkilatın həyata keçirdiyi Uşaq Qaynar Xətti və Qadın Dəstək Xətti vasitəsilə minlərlə insana psixoloji, sosial və hüquqi yardım göstərilmişdir.

ECPAT International şəbəkəsinə üzvlük bu fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisi olmaqla yanaşı, Azərbaycanda uşaqların müdafiəsi sisteminin gücləndirilməsi istiqamətində mühüm addımdır.

Rəsmi üzvlük sertifikatı təşkilatın qlobal şəbəkəyə qoşulduğunu təsdiqləyir və beynəlxalq ictimaiyyətin yüksək etimadını əks etdirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki