Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentin bugünkü iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərək ölkənin sosial-iqtisadi prioritetləri, təhsil, elm, mədəniyyət, informasiya siyasəti və vətəndaş cəmiyyəti ilə bağlı məsələlərə toxunub. Deputat, eyni zamanda, təmsil etdiyi Neftçala rayonunun həlli vacib olan sosial və infrastruktur problemlərini hökumət nümayəndələrinin diqqətinə çatdırıb.
Deputat çıxışında bildirib ki, dövlət büdcəsi yalnız gəlir və xərcləri əks etdirən maliyyə sənədi deyil, həm də dövlətin siyasi-iqtisadi prioritetlərini, sosial məsuliyyətini və gələcəyə baxışını müəyyənləşdirən mühüm sənəddir.
2027-ci ilin dövlət büdcəsində gəlirlərin 39 milyard 254 milyon manat, xərclərin isə 42 milyard 400 milyon manat həcmində proqnozlaşdırıldığını xatırladan Tənzilə Rüstəmxanlı büdcənin ümumi istiqamətlərini müsbət qiymətləndirib. O, Hesablama Palatasının büdcə layihəsi ilə bağlı rəyində əksini tapan tövsiyələrin nəzərə alınmasının dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə xidmət edəcəyini vurğulayıb.
Deputat Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınması, sosial və iqtisadi infrastrukturun qurulması dövlətin əsas prioritetlərindəndir.
Tənzilə Rüstəmxanlı təhsil, elm və mədəniyyət sahələrinə ayrılan vəsaitlərin səmərəli istifadəsinin vacibliyinə də diqqət çəkib. Onun sözlərinə görə, xüsusilə gənc alimlərin, fundamental tədqiqatların, Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının və Türk dünyasının ortaq mədəni irsinin araşdırılmasına daha geniş dəstək göstərilməlidir.
Deputat beynəlxalq informasiya məkanında Azərbaycan həqiqətlərinin təbliğinin əhəmiyyətindən danışaraq çoxdilli media layihələrinin, sənədli filmlərin və elmi-publisistik nəşrlərin dəstəklənməsini vacib hesab etdiyini bildirib.
Çıxışında siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə də toxunan deputat 2027-ci ilin dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan 6 milyon manat vəsaitin artırılması və bu sahədə maliyyə imkanlarının genişləndirilməsinin demokratik institutların inkişafına töhfə verə biləcəyini qeyd edib.
Tənzilə Rüstəmxanlı çıxışının əsas hissələrindən birini təmsil etdiyi Neftçala rayonunun sosial və infrastruktur problemlərinə həsr edib.
Deputat bildirib ki, rayonun bir sıra yaşayış məntəqələrində qazlaşdırma problemi hələ də həllini tapmayıb. Xüsusilə Qaravəlli massivində eyni yolun bir tərəfindəki evlərin qazla təmin olunduğu halda, digər tərəfində yaşayan ailələrin bu imkandan məhrum olduğunu diqqətə çatdırıb. Yeni Qışlaq kəndində də qazlaşdırma probleminin mövcud olduğunu vurğulayıb.
O, bu problemlərin həlli üçün konkret maliyyə vəsaitinin ayrılmasını və işlərin icra müddətlərinin müəyyənləşdirilməsini xahiş edib.
Deputat Neftçalanın yol infrastrukturundakı problemlərə də toxunaraq təxminən 6 kilometrlik yol sahəsinin əsaslı təmirə ehtiyacı olduğunu bildirib. Şəhid ailələrinin yaşadıqları küçələrin abadlaşdırılması, yolların çəkilməsi və şəhidlərin adlarının küçələrə verilməsi ilə bağlı müraciətlərinin xüsusi diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb.
Çıxışda Həsənabad qəsəbəsinin problemləri də gündəmə gətirilib. Tənzilə Rüstəmxanlı qeyd edib ki, yeddi kəndi özündə birləşdirən qəsəbənin məktəbi köhnəlib və qəzalı vəziyyətdədir. Bu səbəbdən təhsil müəssisəsinin yenidən tikilməsi zərurətə çevrilib.
Bundan başqa, qəsəbədə içməli su təchizatının da ciddi problemlər yaratdığını bildirən deputat xüsusilə yay aylarında sakinlərin su çatışmazlığından əziyyət çəkdiyini qeyd edib. Problemin köklü həlli üçün su təchizatı sisteminin yenilənməsinə ehtiyac olduğunu vurğulayıb.
Deputatın diqqət çəkdiyi digər mühüm məsələ rayonda işsizlik səviyyəsi və yeni iş yerlərinin yaradılması olub.
Tənzilə Rüstəmxanlı bildirib ki, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində aparılan struktur dəyişiklikləri, işçi ixtisarları, məktəblərin bağlanması və birləşdirilməsi ilə bağlı qərarlar rayon sakinləri və ziyalılar arasında ciddi narahatlıq yaradır.
O qeyd edib ki, idarəetmənin təkmilləşdirilməsi və struktur islahatları vacib olsa da, bu proseslərin sosial nəticələri mütləq nəzərə alınmalıdır. Xüsusilə kənd məktəblərinin birləşdirilməsi zamanı uşaqların məktəbə gedib-gəlmək imkanları, kəndlərin coğrafi şəraiti, müəllimlərin məşğulluğu və ailələrin sosial vəziyyəti diqqətdə saxlanılmalıdır.
Deputat Neftçalanın iqtisadi potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayaraq kənd təsərrüfatı, balıqçılıq, emal sənayesi və digər yerli iqtisadi fəaliyyət sahələrinə investisiyaların cəlb edilməsini təklif edib.
Onun sözlərinə görə, yeni iqtisadi layihələrin həyata keçirilməsi həm məşğulluğun artırılmasına, həm də əhalinin bölgədən köçünün qarşısının alınmasına kömək edə bilər.
Tənzilə Rüstəmxanlı hökumət nümayəndələrindən Neftçalanın qazlaşdırılması, yol infrastrukturu, Həsənabad qəsəbəsində məktəbin yenidən tikilməsi və su təchizatı ilə bağlı məsələlərin yaxın iki-üç ilin dövlət investisiya proqramına daxil edilməsini xahiş edib.
Deputat çıxışının sonunda dövlət büdcəsinin əsas məqsədinin insanların həyat şəraitinin yaxşılaşdırılması olduğunu vurğulayıb. O bildirib ki, güclü Azərbaycan yalnız güclü iqtisadiyyat və ordu deyil, həm də savadlı vətəndaş, inkişaf etmiş elm, zəngin mədəniyyət, güclü demokratik institutlar, məşğulluq və sosial ədalət deməkdir.
Tənzilə Rüstəmxanlı 2027-ci ilin dövlət büdcəsinin ümumi prioritetlərini dəstəklədiyini və çıxışında qaldırdığı məsələlərin nəzərə alınacağına ümid etdiyini bildirib.





















