image-1backend

İki Afrika ölkəsi Ukraynadan bu şəxsləri tələb edir – Rusiya susur…

image-ads-728x90

Keniya və Botsvana Rusiya ordusunun Ukraynaya qarşı müharibəyə cəlb etdiyi və Ukrayna qüvvələri tərəfindən əsir götürülən vətəndaşlarının geri qaytarılması üçün danışıqlar aparır.

Korrekt.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Keniya hökuməti Ukraynada əsir saxlanılan beş vətəndaşının geri qaytarılması ilə bağlı danışıqlar aparır. Keniyanın xarici işlər naziri Musaliya Mudavadi oktyabrın 8-də parlamentdə çıxışı zamanı Prezident Uilyam Rutunun bu məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

Botsvananın Xarici İşlər Nazirliyi də Ukrayna tərəfindən əsir götürülmüş vətəndaşlarından birinin ölkəyə qaytarılmasını istədiyini açıqlayıb.

Afrika ölkələrinin hökumətləri iddia edirlər ki, bəzi vətəndaşları Rusiyaya mülki işlərdə çalışmaq vədi ilə aparılıb, daha sonra isə hərbi xidmətə cəlb edilərək Ukraynadakı döyüşlərə göndəriliblər. Onlara sürücü, mühafizəçi və aşpaz kimi işləmək vəd edildiyi bildirilir.

Mudavadi Keniya vətəndaşlarının hərbi əsir deyil, beynəlxalq insan alverinin qurbanları kimi tanınmasını istədiklərini deyib. Onun sözlərinə görə, həmin şəxslər aldadıcı iş təklifləri vasitəsilə müharibəyə cəlb olunduqlarını bildirirlər.

Zimbabve hökuməti də xaricdə işə qəbul adı altında həyata keçirilən aldadıcı fəaliyyətlərlə bağlı narahatlığını ifadə edib. Bununla belə, hökumətin açıqlamasında konkret olaraq Rusiya və Ukraynanın adları çəkilməyib.

“Bloomberg”in nəzərdən keçirdiyi sənədlərə əsasən, Ukraynada Rusiya və Şimali Koreya vətəndaşları istisna olmaqla, ən azı 213 xarici ölkə vətəndaşı hərbi əsir kimi saxlanılır. Onlardan 37-nin Afrika ölkələrinin vətəndaşı olduğu bildirilir.

Ukrayna hökumətinin saytında yayılan məlumatlara əsasən, Rusiya ordusu Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün 135 ölkədən 28 mindən çox xarici vətəndaşı cəlb edib. Onlardan 5 mindən çoxunun öldüyü ehtimal olunur.

Keniya xarici işlər nazirinin parlamentdə təqdim etdiyi məlumata görə, təxminən 84 Keniya vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub və ya itkin düşüb. Daha 34 nəfərin Rusiyada müalicə aldığı bildirilir. İndiyədək müharibədə iştirak etmiş 62 Keniya vətəndaşının ölkəyə qaytarıldığı qeyd olunur.

Məlumata görə, Rusiya Ukraynaya qarşı müharibədə canlı qüvvə çatışmazlığını aradan qaldırmaq üçün xarici ölkələrin vətəndaşlarının cəlb edilməsini genişləndirir. İnsan hüquqları təşkilatları bəzi hallarda yüksək məvacib, bonuslar və mülki iş vədlərindən istifadə edildiyini, ayrı-ayrı şəxslərin isə aldadıcı və məcburedici üsullarla hərbi xidmətə yönləndirildiyini bildirirlər.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Vladivostokda çıxışı zamanı ölkənin hərbi heyətlə bağlı problem yaşamadığını və vətəndaşların könüllü şəkildə müqavilə imzaladıqlarını deyib. O, yeni səfərbərlik elan ediləcəyi barədə iddiaları təkzib edib.

“Amnesty International” təşkilatı isə Rusiyanın minlərlə xarici vətəndaşı hərbi xidmətə cəlb etdiyini bildirir. Təşkilatın məlumatına görə, bəzi şəxslər onlara verilən vədlər əsasında, digərləri isə təzyiq və istismar yolu ilə orduya qoşulmağa məcbur ediliblər.

“Bloomberg”in yazdığına görə, Ukraynada əsir saxlanılan xarici döyüşçülərin vətənlərinə qaytarılması məsələsi mürəkkəb olaraq qalır. Ukrayna tərəfinin mövqeyinə əsasən, bu şəxslər Rusiya tərəfindən əsir götürülmüş ukraynalı hərbi qulluqçularla mübadilə prosesində nəzərdən keçirilə bilər.

Avqustun 21-də Botsvana hökuməti səkkiz vətəndaşının Botsvana, Cənubi Afrika və Efiopiyanın hava limanlarında Rusiya silahlı qüvvələrinə cəlb edilməsinin qarşısının alındığını açıqlamışdı. Zimbabvedə isə xaricdə hərbi xidmətə cəlbetmə cəhdləri ilə əlaqədar bir neçə nəfərin, o cümlədən iki Rusiya vətəndaşının həbs olunduğu bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki