image-1backend

İnzibati məhkəmənin hakimindən eks-deputatın arvadına jest?

image-ads-728x90

Azərbaycanda mülkiyyət mübahisələri və məhkəmə çəkişmələri fonunda bəzən elə qərarlara rast gəlinir ki, bu, həm hüquqşünaslar, həm də tərəflər arasında şok effekti yaradır.

Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın 15 yanvar 2026-cı il tarixli qərarı hüquqi müstəvidə ciddi narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı iddiaçı Seymur Quliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsinin qərarındakı qanunsuzluqları bir-bir sadalayıb.

Seymur Quliyev: “Hakim 10 il əvvəlki qanuni qərarları bir cümlə ilə yox sayır”

Seymur Quliyev bildirir ki, Bilgəh qəsəbəsindəki mülkiyyət sahələri ilə bağlı mübahisə hələ 2014-2015-ci illərdə öz hüquqi həllini tapıb. O qeyd edir ki, artıq 10 ildir qüvvədə olan məhkəmə qərarları hakimin bir imzası ilə faktiki olaraq “sıfırlanıb”:

“Mənim mülkiyyət hüququmu təsdiq edən və 10 il əvvəl qüvvəyə minmiş məhkəmə qərarları var. Hakim Ləman Musayeva isə heç bir ciddi hüquqi əsas olmadan bu qərarları ləğv edib, işə “üçüncü şəxs” qismində keçmiş deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Salahzadəni cəlb edir. Bu, hüquqi sabitlik prinsipinin birbaşa ayaq altına atılmasıdır”.

Seymur Quliyevin sözlərinə görə, hakim Ləman Musayeva qəbul etdiyi qərardadın sonunda “bu qərardan müstəqil şəkildə şikayət verilə bilməz” qeydini yazmaqla onun apellyasiya imkanlarını qapatmağa çalışıb:

“Hakim işin mahiyyətinə toxunaraq qərar qəbul edir, amma sonra yazır ki, şikayət edə bilməzsən. Bu, mənim məhkəmə müdafiəsi hüququmun (Konstitusiyanın 60-cı maddəsi) kobud şəkildə pozulmasıdır. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinin tələbləri tamamilə görməzdən gəlinib. Hakimin bu maddədən xəbəri yoxdursa, deməli, tutduğu vəzifəyə uyğun deyil. Yəni qanundan bixəbər birinin hakimlik etməsi nə dərəcədə doğrudur? Bizdə belə bir şübhə yaranıb ki, hakim qarşı tərəf olan Xatirə Salahzadəyə qarşı xüsusi rəğbət nümayiş etdirir. Bu xüsusi rəğbətin arxasında mən rüşvət, külli miqdarda pul amilinin olmasını demirəm. Amma hakim postuna ayaq basanda “şərəf və ləyatəinə” and içmiş birinin bunca qanunsuz addım atmasının bir səbəbini, izahını da bilmirəm”.

Seymur Quliyev xatırladır ki, sözügedən mübahisədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hələ 2014-cü ildə çıxardığı qərar var və həmin vaxt Xatirə Salahzadənin iddiaları yuxarı instansiyalar tərəfindən də rədd edilmişdi:

“On il əvvəl rədd edilən məsələnin indi yenidən gündəmə gətirilməsi Azərbaycan məhkəmə sistemindəki bəzi neqativ halların göstəricisidir. Bilgəh qəsəbəsindəki torpaq və evlərin çıxarışları (kupça) ilə bağlı gedən bu haqsızlığa son qoyulmalıdır. Mən inanıram ki, Bakı Apellyasiya Məhkəməsi bu əsassız qərarı ləğv edəcək və hüququn aliliyini bərpa edəcək”.

Xatırladaq ki, aprelin 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə Seymur Quliyevin apellyasiya şikayətinə baxılacaq.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki