“ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalı kifayət qədər yüksəkdir. Rəsmi Tehran beynəlxalq tələbləri yerinə yetirməzsə, bu proses qaçılmaz ola bilər.”- bu fikirləri iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.
Ekspertin sözlərinə görə, hazırda dünyada ciddi geosiyasi qütbləşmə prosesi gedir və İran bu qütbləşmədə hələlik təsirli mövqeyə malik deyil.
O qeyd edib ki, Tehran nə siyasi, nə də iqtisadi baxımdan qlobal sistemə real təsir göstərə bilir.
“İran dünya iqtisadiyyatında həlledici rol oynamır. Eyni zamanda ağır sanksiyalar altında olan ölkənin uzunmüddətli müqavimət göstərməsi olduqca çətindir. ABŞ isə regionda hərbi və texnoloji üstünlüyünü daha da gücləndirib”, – deyə Arzuman Muradlı vurğulayıb.
Ekspert ABŞ-ın sabiq prezidenti Donald Trampın siyasi davranışlarını da şərh edib:
“Tramp bəzən hərdəmxəyal siyasətçi kimi tanınsa da, məsələ elə bir mərhələyə çatıb ki, proseslərin qarşısını almaq çətin görünür.”
Arzuman Muradlı İranın son dövrlərdə səsləndirdiyi hərbi bəyanatlara da şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, Tehranın qısa müddətdə qitələrarası ballistik raketlər hazırlaması barədə iddiaları real görünmür.
“İran ballistik raketlərin uçuş məsafəsini artırdığını və ordunun tam hazır vəziyyətdə olduğunu bəyan edir. Lakin qitələrarası raketlərin ABŞ-a çata bilməsi iddiası inandırıcı deyil. ABŞ artıq İran ətrafında çox güclü hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bu sistemlər İranın ballistik raketlərinin böyük hissəsini havada ikən zərərsizləşdirə bilər”, – deyə ekspert qeyd edib.
Onun fikrincə, iqtisadi baxımdan blokada şəraitində olan İranın mümkün hərbi qarşıdurmada effektiv müqavimət göstərməsi son dərəcə çətin görünür.






















