İran Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi Hörmüz boğazının Tehran üçün strateji əhəmiyyətini qoruduğunu açıqlayıb.
Korrekt.az xəbər verir ki, generalın sözlərinə görə, Hörmüz boğazı İran üçün mühüm geosiyasi imkanlardan biridir və Tehran bu strateji potensialdan əvvəlki qaydada istifadə etməyə qayıtmaq niyyətində deyil.
Hatəmi Hörmüz boğazını İran xalqına “Tanrı tərəfindən verilmiş geosiyasi potensial” kimi xarakterizə edib. O bildirib ki, İran bu imkanın mövcudluğundan əvvəldən xəbərdar olub, lakin son müharibə baş verməsəydi, həmin potensialın hazırkı formada aktivləşdirilməsi mümkün olmayacaqdı.
İranlı general ABŞ Prezidenti Donald Trampın da Hörmüz boğazının strateji potensialının aktivləşdirilməsini öz siyasi hesablamalarında nəzərə aldığını iddia edib.
Hatəminin sözlərinə görə, Hörmüz boğazının İran üçün strateji əhəmiyyəti müharibənin ölkə ərazisindən uzaqlaşdırılması baxımından əsas məsələlərdən biridir.
“İran bu strateji rıçaqı Ali Rəhbərin əmri ilə bütün gücü ilə qoruyacaq”, – deyə general bildirib.





















