image-1backend

“İran razılaşmasa, müharibə qaçılmazdır”- Politoloq

image-ads-728x90

““Yaxın Şərq yeni müharibəyə hamilədirmi?” — artıq bir neçə gündür regionla bağlı əsas müzakirə mövzusu məhz budur. ABŞ və İran arasında artan gərginlik, Hörmüz boğazı ətrafında yaşanan hadisələr, qarşılıqlı ittihamlar və hərbi hazırlıq fonunda həm diplomatiya, həm də yeni müharibə ehtimalı eyni anda gündəmdədir. Mövcud vəziyyət göstərir ki, tərəflərdən heç biri tam geri çəkilmək istəmir. İran daxilində hakimiyyətə yaxın dairələr hesab edir ki, geri addım atmaq ölkə daxilində zəiflik kimi qəbul oluna bilər. ABŞ isə hərbi qarşıdurmadan çox, iqtisadi təzyiq strategiyasına üstünlük verir və İranı sanksiyalar, maliyyə məhdudiyyətləri və regional təcrid vasitəsilə danışıqlara məcbur etməyə çalışır.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, bununla yanaşı, ərəb ölkələri də genişmiqyaslı müharibədə maraqlı görünmür.

“Çünki belə bir qarşıdurma ilk növbədə enerji infrastrukturu, neft marşrutları və mülki obyektlər üçün ciddi təhlükə yarada bilər. Xüsusilə Hörmüz boğazı və Fars körfəzi ətrafında mümkün eskalasiya dünya enerji bazarında böyük böhrana səbəb ola bilər. Məhz buna görə də region ölkələri diplomatik həll variantının tam sıradan çıxmasını istəmirlər.”– deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, digər mühüm məqam isə İran daxilindəki siyasi və hərbi qruplar arasındakı fikir ayrılığıdır. “Müzakirələr zamanı qeyd olunduğu kimi, İranın diplomatik qanadı ABŞ və Qərblə müəyyən razılaşmanın əldə olunmasını mümkün hesab edir. Lakin daha sərt mövqedə dayanan hərbi dairələr hesab edir ki, geri çəkilmək İranın regional təsir imkanlarını zəiflədə bilər. Bu isə Tehran daxilində vahid qərar qəbul etməyi çətinləşdirir. ABŞ üçün əsas problemlərdən biri də məhz budur — Vaşinqton İranda yekun qərarı kimin verdiyini tam müəyyənləşdirə bilmir. Diplomatik mesajlarla hərbi ritorikanın paralel getməsi də bu qeyri-müəyyənliyi daha da artırır.” – deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki,  tərəflərin “qırmızı xətləri” hələ də qalır.

“Tarix göstərir ki, bu cür mürəkkəb və düyünlü böhranlar çox vaxt ya ciddi hərbi üstünlükdən, ya da tərəflərin qarşılıqlı güzəştə məcbur qalmasından sonra həll olunur. Hazırda isə region nə tam müharibə, nə də tam sülh vəziyyətindədir. Həm yeni hərbi qarşıdurma, həm də diplomatik razılaşma ehtimalı eyni dərəcədə gündəmdə qalır. Vaşinqton və Tehran arasında qarşılıqlı etimad son dərəcə zəif olsa da, diplomatik kanallar hələ tam bağlanmayıb.”- deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki