“Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş Naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə İrəvanı açıq şəkildə təhdid etməsi gələcək seçkilərdə qalmaqalların ola biləcəyinə işarə edir. Putin görüş zamanı bildirmişdir ki, Rusiyayönümlü şəxslər bu seçkilərdə iştirak etməlidirlər.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Paşinyanın Putinin təzyiqlərinə baxmayaraq geri çəkilməməsi də onu göstərir ki, seçkilərdə təxribat ehtimalı yüksəkdir.
“Putin Paşinyana “Ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçməlisiniz, ikisi bir arada mümkün deyil” mesajını verib və bunun ciddi bir təhdid olduğunu bildirib. Putinin bu sözləri əvvəllər Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə də ünvanlanmışdı və nəticədə iki ölkə arasında müharibə artıq beşinci ilinə qədəm qoyub. Putin sanki Paşinyana demək istəyirdi ki, yanlış seçim Ermənistan üçün də ağır nəticələrə səbəb ola bilər. Paşinyanın cavabı isə belə oldu ki, Ermənistan hələ o mərhələyə çatmayıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etsin. Dünənki görüşdə iki liderin mətbuat qarşısında davranışı qarşılıqlı ittihamlar şəklində keçib. Hər iki tərəf diplomatik üslub sərgiləməyə çalışsa da, Paşinyan Putinin təkliflərinə əsasən mənfi cavab verib.”-deyə Arzuman Muradlı bildirib.
Politoloq əlavə edib ki, Ermənistanın qonşu ölkələrlə, xüsusən Azərbaycanla münasibətləri normallaşdırması Kremlin narazılığına səbəb olub.
“Kreml bunu özünə təhdid kimi qiymətləndirir. Son açıqlamalar da bunu təsdiqləyir. Lakin görünən odur ki, Paşinyan hökuməti artıq təhdidlərə boyun əyməyəcək və öz müstəqil yolunu davam etdirəcək.”– Arzuman Muradlı bildirib.





















