image-1backend

İstanbul Hava Limanı ən yaxşı hava limanı seçildi

image-ads-728x90

ABŞ-da yerləşən CNN xəbər kanalı İGA İstanbul Hava Limanının London Hitrou hava limanını geridə qoyaraq dünyanın ən yaxşı hava limanı adına sahib olması barədə məqalə dərc edib.

Korrekt.az xəbər verir ki, məqalədə hava limanının nəhəng ölçüsü, Türk Hava Yollarının qlobal uçuş şəbəkəsi və Avropadakı rəqibləri ilə müqayisədə əməliyyat çevikliyi xüsusi vurğulanıb.

CNN-də Maureen O’Hare tərəfindən hazırlanan məqalədə İGA İstanbul Hava Limanının qlobal aviasiya sektorunda sürətli yüksəlişi təhlil olunub.

Məqalədə qeyd edilir ki, İstanbul İpək Yolunun mövcud olduğu dövrdən etibarən mühüm ticarət mərkəzi olub. Hazırda isə şəhərin hava limanı XXI əsrdə qlobal aviasiyanın əsas mərkəzlərindən birinə çevrilir.

Qlobal səyahət məlumatları üzrə aparıcı təchizatçı OAG tərəfindən hazırlanan Megahubs 2026 İndeksinə əsasən, İstanbul Hava Limanı London Hitrou hava limanını geridə qoyaraq dünyanın ən yaxşı əlaqələndirilmiş hava limanı olub.

Reytinqdə Amsterdam Schiphol hava limanı üçüncü, Kuala Lumpur dördüncü, Çikaqo O’Hare isə beşinci yeri tutub.

Maureen O’Hare yazır ki, 2018-ci ildə fəaliyyətə başlayan və tikintisinə 12 milyard dollar sərmayə qoyulan İstanbul Hava Limanı qısa müddətdə sürətli inkişaf nümayiş etdirib.

Məqalədə bildirilir ki, hava limanında vahid dam altında yerləşən 1,4 milyon kvadratmetrlik terminal dünyanın ən böyük terminallarından biridir. Hava limanının ümumi ərazisi isə 76,5 milyon kvadratmetr təşkil edir.

İstanbul Hava Limanı hazırda ildə 84 milyondan çox sərnişinə xidmət göstərir. Uzunmüddətli planlara əsasən, bu göstəricinin ildə 200 milyon sərnişinə çatdırılması hədəflənir.

Məqalədə OAG-ın baş analitiki Con Qrantın fikirlərinə də yer verilib.

Qrant bildirib ki, İstanbul Hava Limanının birinci yerə yüksəlməsində onun uçuş-enmə zolaqlarının imkanları, Türk Hava Yollarının uğuru və hava limanının Mərkəzi Asiya ilə inkişaf etməkdə olan bazarlara yaxınlığı mühüm rol oynayır.

Onun sözlərinə görə, bu amillər İstanbul Hava Limanının qarşıdakı illərdə də rəqabətdə üstün mövqeyini qorumasına imkan verə bilər.

İGA İstanbul Hava Limanının baş direktoru Səlahəddin Bilgen isə əldə olunan nəticənin hava limanının qlobal aviasiya mərkəzi kimi mövqeyini əks etdirdiyini bildirib.

Onun sözlərinə görə, hazırda İstanbul Hava Limanından təxminən 350 istiqamətə uçuşlar həyata keçirilir və hava limanı böyüməyə davam edir.

CNN-in məlumatına görə, İstanbul Hava Limanı ötən ay dördüncü əsas uçuş-enmə zolağını istifadəyə verib. Hava limanının uzunmüddətli planında altı əsas və üç ehtiyat olmaqla ümumilikdə doqquz uçuş-enmə zolağının yaradılması nəzərdə tutulur.

Con Qrantın sözlərinə görə, İstanbul Hava Limanı dünyada eyni vaxtda üç uçuş-enmə zolağının istismarına icazəsi olan yeganə hava limanıdır. Bu imkan uçuşların idarə olunmasında əməliyyat çevikliyini və dəqiqliyi artırır.

Məqalədə İstanbul Hava Limanının uğurunda uçuşların təxminən 80 faizini həyata keçirən Türk Hava Yollarının əsas rol oynadığı da vurğulanıb.

Türk Hava Yollarının 130 ölkəyə uçuş həyata keçirməsi və 500-dən çox təyyarədən ibarət nisbətən gənc donanmaya malik olması şirkətə həm qiymət, həm də uçuş şəbəkəsinin genişliyi baxımından rəqabət üstünlüyü qazandırır.

Maureen O’Hare məqaləsində İstanbul Hava Limanının inkişaf imkanlarının yüksək olduğunu, Avropadakı bir sıra rəqib hava limanlarının isə müxtəlif məhdudiyyətlərlə üzləşdiyini qeyd edib.

Bildirilir ki, London Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının tikintisi planı ətraf mühitə təsirlərlə bağlı Böyük Britaniyada mübahisələrə səbəb olub. Amsterdam Schiphol hava limanı isə illik uçuş sayına tətbiq olunan məhdudiyyətlərlə bağlı çətinlik yaşayır.

Kranfild Universitetinin müəllimi Viktoriya Mironyuk İstanbul Hava Limanının 24 saat fəaliyyət göstərmək imkanının mühüm üstünlük olduğunu bildirib.

Onun sözlərinə görə, Türk Hava Yollarının tranzit sərnişinlər üçün təqdim etdiyi pulsuz yaşayış proqramının davam etdirilməsi də İstanbulun hava nəqliyyatı mərkəzi kimi cəlbediciliyini qoruması baxımından əhəmiyyətlidir.

Con Qrant isə Avropadakı hava limanlarının tutum imkanlarının getdikcə məhdudlaşdığı bir vaxtda İstanbul Hava Limanının 2027-ci ildə də hazırkı lider mövqeyini qoruyub saxlamasının gözlənildiyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki