Ukrayna qüvvələri son günlər Dnepropetrovsk və Zaporojye istiqamətlərində əhəmiyyətli uğurlar əldə edib. Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son analizi məlumat verir.
4 dekabrda yayılan geolokasiya görüntüləri ukraynalı hərbçilərin Gulyaypolenin şimalında yerləşən Dobropolyenin mərkəzində Ukrayna bayraqlarını qaldırdığını göstərir. Bu, yaşayış məntəqəsinin azad edildiyini təsdiqləyir.
Eyni gün Ukrayna Baş Qərargahı məlumat yayıb ki, Rusiya diversiya-kəşfiyyat qrupu kəndin kənarına daxil olsa da, Ukrayna qüvvələri tərəfindən zərərsizləşdirilib.
ISW vurğulayır ki, görüntülər Rusiya ordusunun hazırda Dobropolyenin qərbində, Hayçur çayının sağ sahilində mövqe tutmadığını göstərir. Halbuki daha əvvəl rusiyalı mənbələr həmin ərazidə Rusiya qoşunlarının mövcudluğunu iddia edirdi.
3–4 dekabr tarixlərində Rusiya qoşunları Gulyaypole ətrafında və Dobropolyenin şimalında — Priluki və Varvarovka istiqamətlərində, həmçinin Zatyşşya bölgəsində hücumlar həyata keçiriblər.
4 dekabrda Ukraynanın 17-ci ordu korpusu Rusiyanın Solodke və Zatyşşyanı ələ keçirməsi barədə iddiaları təkzib edib. Hər iki yaşayış məntəqəsi uğrunda döyüşlər davam edir və Ukrayna tərəfi bölgədə logistik imkanları qoruyub saxlayır.
ISW məlumat verir ki, Ukrayna qüvvələri Aleksandrovkanın şimal-şərqində yerləşən İvanovkanı azad edib. Geolokasiya görüntüləri Ukrayna hərbçilərinin kəndin şimalındakı rus mövqelərinə zərbə endirdiyini göstərir.
İnstitutun qiymətləndirməsinə görə, Rusiya qoşunları bir müddət İvanovkanın böyük hissəsinə nəzarət etsə də, Ukrayna qüvvələri yaşayış məntəqəsini tam azad edib və rus ordusu artıq orada mövcud deyil.
3–4 dekabrda Rusiya qoşunları Aleksandrovkanın şərqində — Aleksandrovqrad, eləcə də cənub-şərq istiqamətlərində Sısonivka, Verbove, Stepove, Krasnohorske, Vişneve, Rıbne və Privolnoye ərazilərində hücumlara cəhd göstərib.
Hərbi şərhçi Denis Popoviç Gulyaypole istiqamətində vəziyyəti qiymətləndirərək bildirib ki, Rusiya qoşunlarının hücumu dayandırılıb, lakin onlar hələ də şəhərin yaxınlıqlarında mövqe saxlayır.
DeepState platforması isə məlumat yayıb ki, rus işğalçı qüvvələri son sutkada Xarkov vilayətinin Volçansk yaxınlığında müəyyən irəliləyiş əldə edib.





















