Hörmüz boğazında onlarla mina var və ərazinin təmizlənməsi təxminən iki ay çəkəcək. İtaliya Müdafiə Nazirliyinin Baş Qərargahının Birgə Əməliyyat Komandanlığının rəisi Covanni Maria İannuççi bu qiymətləndirməni parlamentin yuxarı və aşağı palatalarının müvafiq komitələrinin birgə iclasında çıxış edərkən edib.
ANSA agentliyi onun sözlərinə istinadən bildirib ki, “Hörmüz boğazında onlarla mina var və onların zərərsizləşdirilməsi təxminən iki ay çəkəcək”. Komandan vurğulayıb ki, istifadə olunan yeni nəsil minaların növü bütün ölkələrdə olmayan xüsusi avadanlıq və təlim tələb edir. O əlavə edib ki, “Hörmüz boğazının minalardan təmizlənməsi üçün çoxmillətli missiya perspektivi Avropadan kənar və regional aktyorların prosesə cəlb olunmasına imkan verəcək”. Hərbçilər həmçinin aydınlaşdırıblar ki, hazırda İtaliya minaçıları Cibutidədir.
Daha əvvəl İtaliya missiyanın bir hissəsi olaraq iki ixtisaslaşmış gəmi göndərməyə hazır olduğunu açıqlamışdı, lakin bu, yalnız hərbi əməliyyatların tamamilə dayandırılmasından və sülhün bərqərar olmasından sonra mümkün olacaq. Beynəlxalq missiyanın yaradılması məsələsi hazırda Avropa səviyyəsində müzakirə olunur.





















