Korrekt.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib. O qeyd edib ki, razılaşmanın özü dərc olunmayıb, yalnız saytlarında qısaca məlumat veriblər. Məlumatda deyilir:
“22 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov arasında görüş keçirilib.
Görüşün əsas müzakirə mövzuları Assosiasiyalar arasında maliyyə bazarının inkişafı istiqamətində birgə görülə biləcək işlər sahəsində əməkdaşlıq, birgə konfrans və sərgilərin keçirilməsi olub.
Həmçinin, maliyyə-bank sərgisinin keçirilməsi ilə əlaqədar digər maraqlı tərəflərlə müzakirələrin aparılması qərara alınıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür”.
Ə. Həsənov bildirib ki, bu məhdudiyyətin tətbiqi vahid elektron sistemin olmasını zəruri edir:
“Məlumatın məzmununa keçməzdən əvvəl bildirirəm ki, bu tam özbaşınalıqdır. Hansısa iki qeyri-hökumət təşkilatı arasında razılaşma bağlanıb və bunun əsasında vətəndaşlara məhdudiyyət qoyulub (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi hara baxır?). Konstitusiyamıza görə hüquqlarımız yalnız qanun əsasında məhdudlaşdırıla bilər. Və həmin qanun da mütləq dərc olunmalıdır.

Digər tərəfdən isə bu iki təşkilat aşkar şəkildə bank sirrinin pozulmasına yönəlmiş razılaşma bağlayıblar. Çünki bu məhdudiyyətin tətbiqi vahid elektron sistemin olmasını zəruri edir. Həmin sistemdə də hər birimizin əməliyyatları əks olunmalıdır ki, limitlərə riayət etməyimizə nəzarət edə bilsinlər. Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası kimdir ki, bizim bank sirrimizi bilsin? Bank sirrini yalnız məhkəmə, Mərkəzi Bank və vergi orqanı əldə edə bilər.
İndi isə keçirəm məlumatın məzmununa. Əvvəla, təkrar edirəm: razılaşmanın özü dərc olunmayıb. Yalnız qısaca məlumatdır. Onu da bundan sonra istədikləri kimi şərh edə bilərlər. Məlumatda vurğulanır ki, limitlər yalnız mədaxil əməliyyatlarına aiddir. Yəni mən istənilən qədər kartdan karta pul köçürə bilərəm. Amma mənim kartıma aylıq 20000 manatlıq limit çərçivəsində gündə 5 ödəniş edilə bilər. Bu limitlərin səbəbi, mahiyyəti və fəsadları haqda 2 gün əvvəl yazmışam”.
Hüquqşünas qeyd edib ki, yaxın qohumlar arasında əməliyyatlara məhdudiyyət olmayacaq:
“Məlumatda istisnalar haqda da deyilir. Əvvəla, yaxın qohumlar arasında əməliyyatlara məhdudiyyət olmayacaq. Görəsən sistem haradan biləcək ki, kim kimin qohumudur? Əlavə məlumat verməyə vaxt itirməkdənsə pulu elə nağd çatdırmaq olar.
Digər istisna isə gülməlidir: “müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır”. Bu məlumatları təqdim edib vaxt itirməkdənsə elə nağd ödəyər də hamı! Ən əsası isə kiməsə mütləq köçürmə etmək lazımdırsa istənilən səbəbi qeyd edə bilər. Məsələn, deyər ki, borcum var idi, onu ödəyirəm, vəssalam…
Bütün sivil dünyanı yenə analoqu olmayan yanaşmamızla güldürdük…”
Qeyd edək ki, Azərbaycanda avqustun 1-dən bank kartları arasında kartdan-karta köçürmələrə limit tətbiq olunub. Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatına görə, tətbiq olunan limit bütün kartdan-karta köçürmələrə şamil edilmir. Risk əsaslı yanaşmaya uyğun olaraq, yaxın qohumlara məxsus kartlar arasında həyata keçirilən köçürmələr, eləcə də müştərinin əməliyyatları əsaslandırıldığı və risk profilinə uyğun olduğu hallarda məhdudiyyət tətbiq edilmir. Bundan başqa, hazırkı mərhələdə kartlardan nağdlaşdırma (məxaric) əməliyyatları üzrə hər hansı limit nəzərdə tutulmayıb.





















