ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukrayna ilə bağlı sülh danışıqları zamanı Ağ Ev rəhbərinin Prezident Volodimir Zelenskiyə təzyiq göstərməsinin qarşısını almağa çalışdığını bildirib.
Korrekt.az xəbər verir ki, Kuşner bu barədə “The New York Times” nəşrinə müsahibəsində danışıb.
O, danışıqlar prosesində əsas məqsədinin Ukraynadakı müharibəni dayandırmaq üçün çıxış yolu tapmaq və eyni zamanda Trampın Zelenskiyə təzyiqini azaltmaq olduğunu iddia edib. Kuşner Ukrayna prezidentinə rəğbət bəslədiyini desə də, Kiyevin danışıqların təfərrüatlarını ictimaiyyət qarşısında müzakirə etməsini düzgün hesab etmədiyini vurğulayıb.
Kuşner Mayamidə keçirilən görüşlərdən birini xatırladaraq bildirib ki, ABŞ nümayəndələri Ukrayna tərəfinə Trampın Rusiyanın dizel yanacağı ilə bağlı təklifini qəbul etməyə və sanksiyaların yumşaldılmasına razı ola biləcəyini çatdırıblar. Onun sözlərinə görə, Zelenski bu təklifə dərhal etiraz edib və açıq bəyanatla çıxış edib. Bundan sonra Tramp ukraynalıların öz prezidentlərini dəyişməli olduqlarını söyləyib.
Kuşner hesab edir ki, müharibə başa çatacağı təqdirdə Ukraynanı daha yaxşı gələcək gözləyə bilər. O, Zelenskiyə müharibənin dayandırılması və ölkə üçün etibarlı təhlükəsizlik təminatlarının əldə olunması istiqamətində razılığa gəlməyi, daha sonra isə iqtisadiyyatın bərpasına rəhbərlik etməyi təklif etdiyini bildirib.
Trampın xüsusi nümayəndəsinin fikrincə, danışıqların əsas məqsədi yalnız atəşkəsə nail olmaq deyil, həm də Rusiya ilə Avropa arasında münasibətlərin yenidən qurulması və gələcəkdə qarşıdurmanın qarşısının alınması olmalıdır.
Qeyd edək ki, Kuşner daha əvvəl ABŞ-nin Ukraynaya NATO modelinə bənzər təhlükəsizlik təminatları verə biləcəyini bildirmişdi. O, bu məsələnin Avropanın gələcək təhlükəsizlik sistemi, hərbi əməkdaşlıq, böhran kommunikasiyası və eskalasiyanın qarşısının alınması tədbirləri ilə birlikdə nəzərdən keçirilməli olduğunu vurğulamışdı.





















