ABŞ-nin ən böyük və ən işlək hava limanlarından biri olan Çikaqo O’Hare Beynəlxalq Hava Limanında kadr çatışmazlığı səbəbindən uçuşların qəbulu müvəqqəti dayandırılıb.
Korrekt.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəsmi saytında məlumat yerləşdirilib. Hadisə ilə bağlı NBC Chicago telekanalı da xəbər yayıb.
FAA-nın məlumatına görə, Çikaqo Terminal Radar Yanaşma Nəzarəti (TRACON) mərkəzində personal çatışmazlığı yarandığından O’Hare hava limanına eniş edən təyyarələrin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bildirilib ki, yerli vaxtla saat 10:40-dan 12:15-dək hava limanına enişlər dayandırılıb. Beləliklə, məhdudiyyət təxminən 1 saat 35 dəqiqə davam edib.
Qeyd edək ki, O’Hare Beynəlxalq Hava Limanı Çikaqo şəhər mərkəzindən təxminən 27 kilometr şimal-qərbdə yerləşir. Hava limanı həm ABŞ-də, həm də dünyada ən böyük və ən intensiv hava nəqliyyatı qovşaqlarından biri hesab olunur.
Kadr çatışmazlığı səbəbindən tətbiq edilən bu məhdudiyyət hava limanında uçuşların təşkilinə müvəqqəti təsir göstərib.





















