image-1backend

Hicabsız səhnəyə çıxdı, 74 qamçı zərbəsi aldı – İranda müğənniyə ağır cəza

image-ads-728x90

İranda tanınmış müğənni Pərəstu Əhmədi və onun musiqi qrupunun, eləcə də çəkiliş heyətinin dörd üzvü qamçı cəzasına məruz qalıb. Onların hər birinə 74 qamçı zərbəsi vurulub.

Korrekt.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Vəkillərin bildirdiyinə görə, cəza 2024-cü ildə müğənninin “YouTube” kanalında yayımlanan konsertlə bağlı olaraq Qum şəhərində icra edilib.

Həmin konsertdə 29 yaşlı Pərəstu Əhmədi çiyinləri açıq geyimdə və hicabsız şəkildə səhnəyə çıxaraq mahnı ifa edib. Bu görüntülər İran hakimiyyətinin diqqətini cəlb edib.

Qeyd edək ki, İranda qadınların ictimai yerlərdə hicabsız görünməsi və müəyyən geyim qaydalarını pozması qanunla qadağandır. Qadınların ictimai məkanda mahnı ifa etməsinə də məhdudiyyətlər tətbiq olunur.

Bu ilin iyununda Qum şəhər Cinayət Məhkəməsi Əhmədini və daha səkkiz nəfəri “əxlaqsız və nalayiq materiallar” yaymaq, eləcə də “ictimai əxlaqı təhqir etmək” ittihamları ilə təqsirli bilib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.

BBC-nin məlumatına görə, qamçı cəzası qapalı şəraitdə, Qum şəhərindəki Cinayət Cəzalarının İcrası İdarəsinin üçüncü şöbəsində həyata keçirilib.

74 qamçı zərbəsindən əlavə, məhkumlara iki il müddətinə video və audio materiallar lentə almaq, həmçinin İranı tərk etmək qadağan edilib.

Sentyabrın sonunda Qum Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətlərini rədd edərək əvvəlki hökmü qüvvədə saxlayıb.

Məhkumların vəkillərindən biri bildirib ki, hökmün ləğvi, cəzanın yüngülləşdirilməsi və ya icrasının təxirə salınması üçün bütün hüquqi imkanlardan istifadə edilsə də, nəticə əldə olunmayıb.

“Cəzanın ləğvinə və ya heç olmasa yüngülləşdirilməsinə, yaxud icrasının təxirə salınmasına nail olmaq üçün əlimizdən gələni etdik, lakin heç bir nəticə olmadı. Müvafiq bölmənin əməkdaşları cəzanın dərhal icra edilməsində israr etdilər”, – deyə vəkil bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki