ABŞ rəsmiləri dünyanın müxtəlif dəniz bölgələrində təhlükəli yüklər daşıyan 50-yə yaxın ticarət gəmisinə qarşı həyata keçirilmiş kiberhücumlarda İranın mümkün iştirakını araşdırırlar. Rusiyanın da bu hücumların təşkilində rol oynamış ola biləcəyi ehtimalı nəzərdən keçirilir.
“The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə və məsələ ilə tanış olan mənbələrə istinadən yazır ki, hücumlara məruz qalan gəmilər neft, mayeləşdirilmiş qaz, kimyəvi maddələr və digər yüksək alışma və ya partlayış təhlükəsi olan yüklər daşıyıblar.
Nəşrin məlumatına görə, bəzi gəmilərə bomba təhdidləri, fidyə tələbləri və Amerika yüklərinin daşınması ilə bağlı xəbərdarlıqların yer aldığı mesajlar göndərilib.
Həmçinin ehtimal olunur ki, bəzi gəmilərin kompüter şəbəkələrinə ekipaj üzvlərinin xəbəri olmadan müdaxilə edilib.
ABŞ rəsmiləri hücumların arxasında kimin dayandığını və İranla Rusiyanın bu insidentlərdə mümkün rolunu araşdırırlar.





















