image-1backend

ABŞ-nin keçmiş hərbi pilotu: F-22 Raptor F-35-dən daha güclü qırıcıdır

image-ads-728x90

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş pilotu Deyv Börk dünyanın ən qabaqcıl döyüş təyyarələrindən sayılan F-22 Raptor qırıcısını indiyədək idarə etdiyi ən təsirli təyyarə adlandırıb.

Korrekt.az xəbər verir ki, 23 il hərbi xidmətdə olmuş və 2017-ci ildə təqaüdə çıxmış Börk karyerası ərzində təxminən 3 min saat uçuş həyata keçirib. O, F/A-18 Hornet, F-16 Fighting Falcon, F-22 Raptor və F-35B Lightning II qırıcılarını idarə edib.

Pilotun sözlərinə görə, bu dörd təyyarənin hər birinin öz üstünlükləri var. O, F/A-18 Hornet-in çoxfunksiyalılığını, F-16-nın gücünü və uçuş xüsusiyyətlərini yüksək qiymətləndirib. Bununla belə, onun fikrincə, F-22 Raptor digər qırıcılardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir.

Börk F-22-ni sürəti, radarlar üçün görünməzlik xüsusiyyətləri, sensor imkanları və mühərriklərinin dartı vektorunu idarəetmə texnologiyası ilə seçilən unikal təyyarə hesab edir. Onun sözlərinə görə, bu xüsusiyyətlər qırıcıya digər təyyarələrin edə bilmədiyi mürəkkəb manevrləri yerinə yetirməyə imkan verir.

Keçmiş pilot F-35B qırıcısının da üstünlüklərini qeyd edib. O bildirib ki, bu təyyarənin əsas gücü sürət və manevr qabiliyyətindən daha çox, məlumatları toplamaq, emal etmək və digər təyyarələrə, eləcə də komanda mərkəzlərinə ötürmək imkanındadır.

Börkün fikrincə, F-35 hava döyüşlərinə baxışını dəyişib. O hesab edir ki, gələcək müharibələrdə üstünlük təkcə təyyarələrin uçuş və döyüş xüsusiyyətləri ilə deyil, həm də informasiya üstünlüyü və döyüş meydanındakı vəziyyət barədə operativ məlumat mübadiləsi ilə müəyyənləşəcək.

Bununla belə, pilot şəxsi seçimində F-22 Raptor-a üstünlük verdiyini gizlətməyib. O, bu qırıcı ilə ilk uçuşunu xatırlayaraq, onun idarəetmə və manevr imkanlarının əvvəllər uçduğu təyyarələrdən tamamilə fərqli olduğunu bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki