İran ABŞ-ın Böyük Britaniya, Almaniya və Bolqarıstanda yerləşən hərbi bazalarına zərbə endirə bilər.
Korrekt.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moxtadaei SNN xəbər agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirmək üçün hər hansı ölkənin ərazisindən istifadə edərsə, həmin ərazidəki Amerika hərbi obyektləri Tehran üçün legitim cavab hədəfinə çevrilə bilər.
“Böyük Britaniya, Almaniya və ya Bolqarıstandakı Amerika bazası bizim üçün Bəhreyndəki Amerika bazasından fərqlənmir. Əgər ABŞ İrana qarşı əməliyyatlar keçirmək üçün hər hansı ölkənin ərazisindən istifadə edərsə, həmin ərazi İranın cavab zərbələrinin hədəfinə çevrilə bilər”, – deyə deputat vurğulayıb.
Moxtadaeinin iddiasına görə, Avropa ölkələri əvvəlcə öz ərazilərindəki hərbi bazalardan İrana qarşı hücumlar üçün istifadəyə icazə verməyəcəklərini bəyan ediblər. Lakin sonradan Vaşinqton bir sıra Avropa dövlətləri ilə həmin ərazilərdən və hərbi infrastrukturlardan istifadə imkanlarını müzakirə etməyə başlayıb.
İranlı deputat əlavə edib ki, Tehran ABŞ-ın hərbi bazalarının hansı ölkədə yerləşməsindən asılı olmayaraq, İrana qarşı hücumlarda iştirak edən hərbi obyektləri hədəfə ala bilər.





















