İsrailin “Air” şirkəti hərbi və mülki məqsədlər üçün nəzərdə tutulan yeni nəsil yük dronu – Air 120D-ni hazırlayıb. eVTOL sinfinə aid olan pilotsuz uçuş aparatı 250 kiloqrama qədər yükü avtonom şəkildə daşımaq qabiliyyətinə malikdir.
Korrekt.az xəbər verir ki, bu barədə “Techkult” nəşri məlumat yayıb.
Məlumata görə, şirkət iki ildən artıqdır ki, yükdaşıma dronları üzərində işləyir. Yeni Air 120D modeli ABŞ Hərbi Nazirliyinin ehtiyacları nəzərə alınmaqla hazırlanıb. Bununla yanaşı, aparatın kommersiya məqsədli yük daşımalarında da istifadəsi nəzərdə tutulur.
Dronun əsas xüsusiyyətlərindən biri şaquli qalxma və enmə qabiliyyətidir. Bu imkan ona ənənəvi uçuş-enmə zolağı tələb etmədən kiçik platformalardan havaya qalxmağa və enməyə şərait yaradır.
Air 120D-nin 2 kubmetr həcmində yük bölməsi var. Avtonom idarəetmə sistemi ilə təchiz edilən aparat pilotun birbaşa iştirakı olmadan da fəaliyyət göstərə bilir.
Nəşrin məlumatına əsasən, dronun ilk seriyalı nümunəsi bu ilin aprel ayında ABŞ-ın Florida ştatında nümayiş uçuşu həyata keçirib.
Gələcəkdə Air 120D-nin ucqar hərbi bazalara təchizat çatdırılması, eləcə də humanitar yardım missiyalarında istifadə olunması planlaşdırılır.
Qeyd olunur ki, dronun seriyalı istehsalının ABŞ-da təşkili nəzərdə tutulur. Yeni modelin istifadəyə verilməsi pilotsuz aviasiyanın yükdaşıma sektorunda tətbiq imkanlarını genişləndirə bilər.





















