“Marketlərdə eyni məhsulun qiymətinin qısa müddətdə dəyişməsi müxtəlif iqtisadi amillərlə bağlıdır və bu, təkcə pərakəndə satış şəbəkələrinin qərarı ilə izah olunmur. Qiymətlərin tez-tez dəyişməsinə ilk növbədə məhsulun alış qiymətinin dəyişməsi təsir edir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib. Onun sözlərinə görə, xüsusilə idxal məhsullarında dünya bazarındakı qiymətlər, valyuta məzənnəsi, daşınma xərcləri, gömrük və logistika xərcləri qiymət formalaşmasında mühüm rol oynayır:
“Yerli məhsullarda isə mövsümilik, məhsul bolluğu və ya qıtlığı, istehsal xərcləri və təchizat zəncirində baş verən dəyişikliklər qiymətlərə təsir göstərir. Bununla yanaşı, marketlərin öz kommersiya siyasəti də qiymətlərin dəyişməsində rol oynayır. Endirim kampaniyalarının başlaması və ya başa çatması, təchizatçılarla bağlanan yeni müqavilələr, ehtiyatların yenilənməsi və rəqabət mühiti qiymətlərin qısa müddətdə dəyişməsinə səbəb ola bilər.
Marketlər qiymətləri öz istəklərinə uyğun müəyyən edə bilsələr də, bu, tam sərbəst və nəzarətsiz proses deyil. Azərbaycanda qiymətlərin əksəriyyəti sərbəst bazar prinsipləri əsasında formalaşır. Sahibkar məhsulun satış qiymətini özü müəyyən edir. Lakin bazarda dominant mövqedən sui-istifadə, süni qiymət artımı, rəqabətin məhdudlaşdırılması və ya qiymətlə bağlı razılaşdırılmış hərəkətlər qanunvericiliyə zidd hesab olunur və dövlət orqanları tərəfindən araşdırıla bilər”.
Ekspert onu da qeyd edib ki, eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması da normal bazar münasibətlərinin nəticəsidir:
“Çünki hər market məhsulu müxtəlif təchizatçılardan və fərqli alış qiymətləri ilə əldə edə bilər. Bundan əlavə, mağazaların icarə xərcləri, işçi heyətinin sayı, logistika məsrəfləri, satış həcmi və mənfəət marjası da fərqlənir. Böyük market şəbəkələri yüksək həcmdə alış etdikləri üçün bəzi məhsulları daha aşağı qiymətə təklif edə bildikləri halda, kiçik mağazaların belə imkanları olmaya bilər.
Dövlət isə qiymətlərin birbaşa müəyyən edilməsindən daha çox bazarda sağlam rəqabətin qorunmasına nəzarət edir. Rəqabət qanunvericiliyinin pozulması, süni qiymət artımı, bazar iştirakçıları arasında qiymət sövdələşmələri və istehlakçı hüquqlarının pozulması halları müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Eyni zamanda sosial əhəmiyyətli məhsulların bazarında vəziyyət mütəmadi izlənilir və zərurət yarandıqda müvafiq tədbirlər görülür. Buna görə də müxtəlif marketlərdə qiymət fərqlərinin olması bazar iqtisadiyyatı şəraitində normal hesab olunsa da, bu fərqlər qanunvericiliyin tələblərini pozmaq hesabına formalaşa bilməz”





















